BAKI, 6 noyabr. TELEQRAF

“İran hakimiyyəti Rza Pəhləvinin Brüsseldə çıxışına mane olmağa çalışıb və tədbirin baş tutacağı təqdirdə ciddi nəticələrin olacağı ilə bağlı xəbərdarlıq edib”.

Teleqraf xəbər verir ki, bunu Belçika müdafiə naziri Teo Franken Brüsseldə Kral Hərbi Akademiyasında İranın keçmiş şahının oğlu Rza Pəhləvinin qarşılanması mərasimində çıxış edərkən deyib.

Frankenin sözlərinə görə, Tehranın tədbirə qarşı çıxması İran hakimiyyətinin şahzadənin verdiyi mesajlardan narahat olduğunu və söz azadlığını hətta öz sərhədlərindən kənarda da məhdudlaşdırmağa çalışdığını göstərir.

Belçika müdafiə naziri Yaxın Şərqdə baş verən proseslərin və ABŞ ilə İran arasında münaqişənin Belçikanın iqtisadi və təhlükəsizlik maraqlarına təsirinin vacibliyini vurğulayaraq, Rza Pəhləvinin baxışlarının regionun gələcəyini anlamağa kömək edə biləcəyini vurğulayıb.

Franken Pəhləvini İran hakimiyyətinin əsas müxalifət fiqurlarından biri kimi təqdim edərək, onun xalqın azad və ədalətli seçkilər vasitəsilə siyasi idarəetmə sistemini müəyyən etmək hüququna əsaslanan hökumətin qurulmasını dəstəklədiyini qeyd edib.