
BAKI, 5 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskidən məktub aldığını və burada Ukrayna liderinin faydalı qazıntılar üzrə saziş imzalamağa hazır olduğunu təsdiqlədiyini bildirib.
Teleqraf xəbər verir ki, o, həmçinin Rusiyanın sülhə hazır olduğuna dair çox güclü siqnallar aldığını iddia edib.
Rusiyanın Ukraynaya qarşı müharibəsindən danışan ABŞ prezidenti bir daha xatırladıb ki, savaş zamanı milyonlarla ukraynalı və rusiyalı həlak olub və ABŞ bu müharibəyə yüz milyardlarla dollar xərcləyib.
“Hər həftə 2000 insan öldürülür, onlar rusiyalı və ukraynalı gənclərdir. Mən buna son qoyulmasını istəyirəm”, - Tramp vurğulayıb.
ABŞ prezidenti Zelenskidən Ukraynanın davamlı sülhə nail olmaq üçün onun qətiyyətli rəhbərliyi altında işləməyə hazır olduğunu bildirən vacib məktub aldığını açıqlayıb.
Həmçinin Trampın sözlərinə görə, məktubda Zelenski Ukraynanın ABŞ üçün əlverişli olan istənilən vaxt minerallar üzrə sazişi imzalamağa hazır olduğunu yazıb.
“Mən bu məktuba görə minnətdaram. Rusiyanın sülhə hazır olduğuna dair çox güclü siqnallar almışam. Bu gözəl deyilmi?! Bu çılğınlığı, bu qətlləri dayandırmağın vaxtıdır”, - Amerika lideri əlavə edib.