BAKI, 4 mart. TELEQRAF

Vaşinqton ötən həftə amerikalı həmkarı Donald Trampla Ağ Evdə mübahisə etdikdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin üzr istəməməsi səbəbindən bu ölkəyə hərbi yardımı dayandırmaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə CNN rəsmilərə istinadla məlumat yayıb.

Məlumata görə, Tramp və komandası mineral ehtiyatlarla bağlı sövdələşməyə başlamazdan və yardımın davam etdirilməsini müzakirə etməzdən əvvəl Zelenskidən “günah”ını etiraf etməsini və ictimai şəkildə üzr istəməsini istəyib.

Kanalın həmsöhbətlərindən birinin sözlərinə görə, dünən axşam saatlarında qəbul edilən yardımın dayandırılması qərarı Ukraynaya təzyiq strategiyasıdır.

CNN xatırladır ki, dövlət katibi Marko Rubio Zelenskini Trampla mübahisəyə görə açıq şəkildə üzr istəməyə çağıran rəsmilərdən biri olub.

Ağ Ev rəsmisi kanala ABŞ prezidentinin Zelenski ilə mübahisədən sonra Ukraynaya hərbi yardımı dayandırdığını təsdiqləyib.

“Prezident sülhə sadiq olduğunu açıq şəkildə bildirdi. Tərəfdaşlarımızın da bu məqsədə sadiq olmasına ehtiyacımız var. Yardımımızı dayandırırıq və onun problemin həllinə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”.

Digər rəsminin sözlərinə görə, fasilə hələ Ukraynaya verilməmiş bütün hərbi texnikalara şamil ediləcək.