
BAKI, 3 mart. TELEQRAF
ABŞ-nin yeni siyasəti müharibə dövründə etimada vurulan zərbədir.
Teleqraf xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko deyib.
Yuşşenko ABŞ Prezidenti Donald Trampın Ukraynaya qarşı alçaldıcı yanaşmasını “ağrılı” adlandırıb.
“İndiyədək ABŞ və Ukrayna arasında dialoq heç vaxt alçaldılma zəminində olmayıb, indi bunun müharibə zamanı birdən-birə özünü büruzə verməsi acıdır. Dəstək və əməkdaşlıq əvəzinə başqa şeylər görürük, bu, münasibətlərdə tarazlığı bərpa etmək üçün səy tələb edən etimada zərbədir”, - sabiq prezident qeyd edib.
Yuşşenko vurğulayıb ki, bu gün Ukraynanın birliyə ciddi ehtiyacı var.
“Diplomatik protokol və ya iddialarla bağlı müzakirələr yox, təhlükəsizlik təminatları, ədalətli sülh zəmini, dövlətimizin müstəqilliyinin qorunması üçün düsturlar tapmaq üçün siyasi müdriklik lazımdır. Prezident Volodimir Zelenski Ukraynanın beynəlxalq tərəfdaşlarını sülh məqsədləri ətrafında birləşdirmək və təcavüzkarın qarşısını almaq üçün inanılmaz iş görən demokratik liderdir”.
Yuşşenko əlavə edib ki, Ukrayna Rusiya işğalının ilk günündən sülh axtarır və bu, rus ordusunun ölkə ərazisini tərk etdiyi vaxt olacaq.