BAKI, 20 oktyabr. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov bu gün Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin parlament sədrlərini qəbul edib.

Teleqraf xəbər verir ki, görüş Bişkek şəhərində keçirilən TURKPA Şurasının 15-ci plenar iclası çərçivəsində baş tutub.

Dövlət başçısı görüşün qardaş dövlətlər arasında dostluğun və qarşılıqlı etimadın bariz nümunəsi olduğunu bildirib. O, Qırğızıstanın TÜRKPA çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu təsdiqləyib.

Sadır Japarov assambleyanın fəaliyyətinin qardaş dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsinə, ticarət-iqtisadiyyat, nəqliyyat, energetika, rəqəmsallaşma və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəldiyini qeyd edib.

Öz növbəsində, parlament sədrləri səmimi qəbula görə Prezident Sadır Japarova təşəkkür edib və Qırğızıstanın türk dünyasının birliyinin möhkəmləndirilməsində mühüm rolunu vurğulayıblar. Həmçinin parlamentlərarası əməkdaşlığın inkişafında, inteqrasiya proseslərinin dəstəklənməsində və qardaş dövlətlər arasında əlaqələrin genişləndirilməsində TURKPA-nın əhəmiyyətini qeyd ediblər.

Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin daha da möhkəmləndirilməsinə, eləcə də türk xalqlarının ortaq dəyərlərinin və milli kimliyinin qorunmasına xüsusi diqqət yetirilib.

Qeyd edək ki, qəbulda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova da iştirak edib.