BAKI, 20 oktyabr. TELEQRAF

Azərbaycanda aqroparkların kadr təminatı ilə bağlı hüquqi tənzimləmənin dəyişdirilməsi təklif olunur.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Prezident tərəfindən 29 sentyabr 2026-cı il tarixində Milli Məclisə təqdim edilmiş “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində aqroparkların müəyyən kateqoriyalara aid xarici əməkdaşları üçün iş icazəsi tələbinin aradan qaldırılması nəzərdə tutulur.

Layihəyə əsasən, aqropark rezidentinin rəhbəri və müavinləri, eləcə də rezident tərəfindən Azərbaycanda əmək fəaliyyətinə cəlb edilən təcrübəli aqronomlar, bağçılıq üzrə mütəxəssislər və baytar həkimlər müvafiq güzəştdən yararlana biləcəklər.

Təklif olunan dəyişikliklər Miqrasiya Məcəlləsinin 45.1.7-1-ci və 64-cü maddələrinə aiddir.

Qanun layihəsində dəyişikliklərin 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək qüvvədə olması nəzərdə tutulub.