BAKI, 16 oktyabr. TELEQRAF
“Rahul Qandinin rəhbərlik etdiyi müxalifət qüvvələri Hindistanda hakimiyyətə gəlmək naminə ölkədə anarxiya yaratmağa çalışırlar”.
Teleqraf xəbər verir ki, bunu Hindistan müdafiə naziri Racnat Sinqx deyib.
Nazir Seçki Komissiyasına və seçici siyahılarının yoxlanılmasına qarşı keçirilən etirazlarla əlaqədar müxalifəti tənqid edib, onu siyasi iğtişaşlar yaratmağa və hökuməti sabitsizləşdirməyə cəhd göstərməkdə ittiham edib. Sinqxin sözlərinə görə, müxalifət paytaxtda iğtişaşlar törətmək üçün gənclərdən istifadə edir və demokratik proseslərdən kənar yollarla hökuməti dəyişməyə çalışır.
“Dehlidə çoxsaylı insidentlər baş verib. Görünür, “Konqres” Partiyası (Rahul Qandi rəhbərlik edir - red.) və tərəfdarları gənclərin köməyi ilə anarxiya yaratmağa çalışırlar”, - müdafiə naziri bildirib.
Racnat Sinqx iddia edib ki, Hindistan müxalifəti Banqladeşdəki ssenariyə bənzər şəkildə hakimiyyəti dəyişmək istəyir. O iddia edib ki, müxalifətin mübarizəsi ədalətli seçkilər uğrunda deyil, hakimiyyəti ələ keçirmək məqsədi daşıyır.
Oktyabrın 10-da Hindistanın paytaxtında gənclər hərəkatı “Tarakanlar Xalq Partiyası” fəallarının və müxalifət nümayəndələrinin icazəsiz kütləvi aksiyası keçirilib. Aksiya iştirakçıları baş seçki komissarı Qyaneş Kumarın istefasını tələb ediblər.
Müxaliflər 2024-cü ildə keçirilən son parlament seçkilərində pozuntulara yol verildiyini bəyan edərək, buna görə Qyaneş Kumarı günahlandırıblar. Qeyd olunub ki, həmin seçkilərdə ümumilikdə 130 milyondan çox səs etibarsız sayılıb. Daha sonra hüquq-mühafizə orqanları hərəkatın bir neçə liderini saxlayıb.
Oktyabrın 16-da Yeni Dehlinin mərkəzində yeni etiraz aksiyalarının keçirilməsi planlaşdırılır. Polis şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirib.