BAKI, 19 oktyabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Səmərqənd şəhərində Qırğızıstan xarici işlər naziri Jenbek Kulubayevlə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə Özbəkistan ilə Qırğızıstan arasında dostluq, mehriban qonşuluq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsinin aktual məsələləri nəzərdən keçirilib.
Prezident Şavkat Mirziyoyevin cari ilin iyul ayında Qırğızıstana həyata keçirdiyi dövlət səfəri zamanı əldə olunmuş razılaşmaların icrasına xüsusi diqqət yetirilib. Əmtəə dövriyyəsinin müsbət artım dinamikası, aparıcı müəssisələr və regionlar arasında kooperasiya əlaqələrinin qurulması, energetika və nəqliyyat sahələrində iri regional layihələrin həyata keçirilməsi məmnunluqla qeyd olunub.
Gələn il üçün nəzərdə tutulan mədəni-humanitar tədbirlər və regionlar səviyyəsində mübadilələr planının qəbul edilməsinin vacibliyi vurğulanıb.
Tərəflər Mərkəzi Asiya regionunda əməkdaşlığın aktual məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.