BAKI, 14 oktyabr. TELEQRAF

Qazaxıstanla vizasız rejimi olan ölkələrin vətəndaşları 2027-ci il iyulun 1-dən etibarən respublikaya daxil olmaq üçün elektron icazə almalı olacaqlar. Sənəd ödənişsiz olacaq və 180 gün müddətində qüvvədə qalacaq.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Elektron icazə sərhədi keçməzdən ən azı 72 saat əvvəl onlayn qaydada alınmalıdır. Yeni qaydalar Qazaxıstana vizasız daxil olmaq hüququ olan bütün ölkələrin vətəndaşlarına şamil ediləcək. Bununla belə, əcnəbilərin bəzi kateqoriyaları bu tələbdən azad olunacaq.

Sistemin tətbiqinə mərhələli şəkildə başlanılacaq. 2026-cı ilin noyabrından 2027-ci il iyulun 1-dək elektron icazənin olmaması ölkəyə girişdən imtina üçün əsas sayılmayacaq. Bu müddətdə əcnəbilərə sadəcə sənədin rəsmiləşdirilməsinin zəruriliyi izah ediləcək. 2027-ci il iyulun 1-dən isə yeni tələblərin şamil olunduğu şəxslər üçün elektron icazənin olması məcburi olacaq.

Bununla yanaşı, vizasız qalma müddətləri dəyişməyəcək. Xüsusilə, Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin - Ermənistan, Belarus, Qırğızıstan və Rusiyanın vətəndaşları hər 180 günlük dövr ərzində Qazaxıstan ərazisində 90 günədək qala biləcəklər. Digər ölkələrin vətəndaşları üçün qalma müddətləri Qazaxıstanın milli qanunvericiliyi və beynəlxalq müqavilələri ilə müəyyən edilir.

Elektron icazə almaq tələbindən əcnəbilərin bəzi kateqoriyaları, o cümlədən diplomatlar, beynəlxalq yükdaşıma ilə məşğul olan sürücülər, 16 yaşdan kiçik və 65 yaşdan yuxarı şəxslər azad ediləcək.

Qazaxıstana daxil olmaq üçün viza tələb olunan ölkələrin vətəndaşları üçün isə qaydalar dəyişməyəcək. Onlardan vizaları olduğu halda əlavə elektron icazə almaq tələb olunmayacaq.

Qəbul edən tərəf, məsələn, otel və ya fiziki şəxs əvvəlki qaydada əcnəbinin olduğu yer və həmin yerin dəyişməsi barədə Qazaxıstanın müvafiq orqanlarına məlumat verməlidir.