BAKI, 14 oktyabr. TELEQRAF
Çin alimləri Sakit okeanın nadir torpaq metalları ilə zəngin Klarion-Kliperton zonasının dəniz dibindəki çöküntülərində 11 742 müxtəlif virus növü aşkar ediblər. Bunların 99 faizdən çoxu məlum deyil.
Teleqraf xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Klarion-Kliperton zonası Meksika ilə Havay adaları arasında, 6 min metrədək dərinlikdə yerləşir. Ərazinin dəniz dibi nikel, kobalt və manqan ehtiva edən milyardlarla metal konkresiyası ilə örtülüb. Bəzi qiymətləndirmələrə görə, burada həmin metalların ehtiyatları quruda məlum olan ümumi ehtiyatlardan çox ola bilər.
Zonada sənaye miqyaslı hasilata hələ başlanılmayıb. Bununla belə, Beynəlxalq Dəniz Dibi Təşkilatı artıq kəşfiyyat işləri üçün 17 müqavilə imzalayıb, onlardan beşi Çinə məxsusdur.
Çin komandası tədqiqat zamanı Çin Dəniz Mineral Ehtiyatlarının Tədqiqi və İnkişafı Assosiasiyası tərəfindən 2023-2024-cü illərdə toplanmış dəniz dibi çöküntülərinin 60 nümunəsindən istifadə edib. Təhlil nəticəsində 11 742 virus müəyyən edilib, onların 11 662-nin elm üçün yeni olduğu üzə çıxıb.
Tədqiqatçıların məlumatına görə, aşkar edilmiş virusların zülal klasterlərinin yalnız təxminən 4 faizi digər məlumat bazalarında artıq qeydə alınmış klasterlərlə üst-üstə düşüb. Bu, regionda özünəməxsus virus xətlərinin və genetik resursların mövcudluğunu göstərir.
Aşkar edilmiş virusların böyük əksəriyyəti Caudoviricetes sinfinə aiddir. Onlar genetik materiallarını bakteriyalara ötürərək həmin mikroorqanizmləri yoluxdururlar və ümumilikdə insanlar üçün təhlükə yaratmırlar. Amma metal hasilatı bu mikroorqanizmlərin özləri üçün təhlükə yarada bilər. Dəniz dibi çöküntülərinin pozulması virusların ekosistemdəki rolunu yerinə yetirməsinə mane ola bilər. Bu rollara üzvi maddələrin parçalanması və qida elementlərinin sərbəst buraxılması da daxildir.