BAKI, 16 dekabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Hollivudun tanınmış rejissoru Rob Reyner və həyat yoldaşının qətlə yetirilməsindən sonra verdiyi qalmaqallı açıqlamaları davam etdirib.

Teleqraf xəbər verir ki, Tramp Reyner barədə tənqidlərini geri götürməyib və onu ölkə üçün “zərərli fiqur” adlandırıb.

ABŞ lideri əvvəlcə “Truth Social” platformasında paylaşım edərək Rob Reynerin ölümünü onun “Trump Derangement Syndrome” (Trampa qarşı obsesiv nifrət – red.) ilə əlaqələndirib. Bu açıqlama ABŞ-də həm siyasi dairələrdə, həm də Hollivud ictimaiyyətində ciddi narazılıqla qarşılanıb və “iyrənc”, “əxlaqsız” kimi qiymətləndirilib.

Bununla belə, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən mövqeyini dəyişməyib. O bildirib ki, Rob Reynerin yaradıcılığına və siyasi mövqeyinə heç vaxt müsbət yanaşmayıb: “Onun böyük problemi var idi. Mənim fikrimcə, o, "Trump Derangement Syndrome" ilə yaşayırdı. Mən Rob Reynerin heç bir formada tərəfdarı olmamışam. Hesab edirəm ki, o, ölkəmiz üçün çox pis idi”, – deyə Tramp bildirib.

ABŞ prezidenti Reyneri həmçinin “Rusiya işi” adlandırılan qalmaqalın əsas təbliğatçılarından biri olmaqda ittiham edib. Trampın sözlərinə görə, Reyner onun ilk prezidentliyi dövründə Kreml tərəfindən idarə olunması ilə bağlı iddiaları fəal şəkildə dəstəkləyib.

Qeyd edək ki, Rob Reyner və həyat yoldaşı Mişel Reyner bazar günü Los-Ancelesdəki evlərində bıçaqlanaraq öldürülüb. Hadisə ilə bağlı cütlüyün oğlu saxlanılıb, istintaq davam edir. Hüquq-mühafizə orqanları qətlin motivlərini araşdırır.

Trampın açıqlamaları fonunda bir sıra siyasətçilər və sənət adamları ABŞ prezidentini faciə fonunda etik hədləri aşmaqda ittiham edib. Buna baxmayaraq, Tramp tənqidlərə baxmayaraq mövqeyindən geri çəkilməyib.