BAKI, 10 sentyabr. TELEQRAF
Livan ordusunun komandanlığı İsraili ölkə əhalisi və beynəlxalq ictimaiyyət arasında Livan Silahlı Qüvvələrinə etimadı sarsıtmağa çalışmaqda ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə Livan ordusunun komandanlığının "X" sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, son günlər İsrail qüvvələri yaşayış məntəqələrinə və müxtəlif obyektlərə zərbələri intensivləşdirib.
Livan tərəfinin məlumatına görə, hücumlar nəticəsində mülki əhali arasında çox sayda ölən və yaralanan var. Komandanlıq İsrailin eyni zamanda Livan ordusundan həmin ərazilərdə yerləşdirilməsini tələb etdiyini bildirib.
“Hücumların və İsrail tərəfindən törədilən pozuntuların dayandırılması ordunun yerləşdirilməsi prosesinin başa çatdırılması üçün zəruri şərtdir”, – bəyanatda vurğulanıb.
Bundan əvvəl İsrail ordusu hərbçilərinə doğru pilotsuz uçuş aparatının buraxılmasına cavab olaraq Livanın cənubunda “Hizbullah”ın obyektlərinə bir sıra zərbələr endirdiyini açıqlayıb.
Sentyabrın 5-də isə İsrailin Livanın cənub və şərq rayonlarına hava zərbələri nəticəsində azı 5 nəfərin öldüyü, 37 nəfərin yaralandığı bildirilmişdi.