BAKI, 8 dekabr. TELEQRAF
ABŞ-də Demokrat Partiyasının nümayəndələri Tramp administrasiyasına təzyiqləri artıraraq Karib dənizində narkotik daşıyan qayığa endirilmiş ikinci hava zərbəsinin görüntülərinin dərc edilməsini tələb ediblər.
Teleqraf xəbər verir ki bu barədə "The Guardian" məlumat yayıb.
Sentyabrın 2-də həyata keçirilən hücumda 11 nəfər ölüb, onlardan ikisi qayıq çevrildikdən sonra təxminən bir saat dağıntılar üzərində həyat uğrunda mübarizə aparan şəxslər olub.
Hadisə Pentaqon rəhbəri Pit Hegsethin “hamısını öldürün” əmri verdiyi iddiaları fonunda ciddi tənqidlər doğurub.
"Vaşinqton Post"un yazdığına görə, həmin iki nəfərin təkrar zərbə ilə qəsdən öldürülməsi “hərbi cinayət” iddialarını gücləndirib. Hücuma rəhbərlik edən admiral Frank Bredli isə Konqresdə belə bir əmrin verilmədiyini deyib. Pentaqon da əməliyyatın qanuni və əsaslandırılmış olduğunu müdafiə edir, lakin ekspertlər bu arqumentlərin zəif olduğunu bildirirlər.
Kaliforniyadan Demokrat senator Adam Şiff NBC-yə müsahibəsində deyib:
“Əgər Pentaqon etdikləri ilə bu qədər qürur duyursa, qoy amerikalılar o videonu görsünlər. Çevrilmiş qayıq üstündə oturan iki insanın qəsdən öldürüldüyü anı görsünlər və bununla qürur duyub-duymayacaqlarına özləri qərar versinlər.”
ABŞ prezidenti Donald Tramp görüntülərin açıqlanmasına etiraz etmədiyini bəyan etsə də, müdafiə naziri Hegseth şənbə günü videonun nəşrinə dair konkret öhdəlik götürməyib:
“Prosesi araşdırırıq. Həssas məlumatların sızmamasına əmin olmalıyıq.”