BAKI, 3 dekabr. TELEQRAF
Vaşinqtonda Milli Qvardiya hərbçilərinə silahlı hücumda ittiham olunan əfqan əsilli Rahmanullah Lakanval məhkəmədə özünü təqsirli bilmədiyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə "Newsweek" nəşri məlumat yayıb.
O, ilk məhkəmə iclasına xəstəxana çarpayısından videobağlantı vasitəsilə qoşulub.
29 yaşlı Lakanval noyabrın 26-da baş vermiş hücumda 20 yaşlı çavuş Sara Bekstromun qətlə yetirilməsi və 24 yaşlı baş çavuş Endryu Vulfün yaralanması ilə bağlı qətl və hücum maddələri üzrə ittiham olunur. Hər iki hərbçi prezident Donald Trampın avqustdan etibarən Vaşinqtona göndərdiyi hüquq-mühafizə qüvvələri proqramı çərçivəsində şəhərdə xidmət aparırdı.
Prokuror Ariel Din hadisəni şok və dəhşət saçan cinayət kimi qiymətləndirib və ilkin sübutların Lakanvalın şəhərin müxtəlif hissələrindən keçərək hərbçilərin yaxınlığına gəlib pusqudan atəş açdığını göstərdiyini bildirib. Hakim onun istintaq dövründə həbsdə saxlanılmasına qərar verib və hadisənin yaratdığı böyük dəhşəti əsas gətirib.
Hadisənin fotoları ABŞ Baş Prokurorluğu tərəfindən noyabrın 27-də yayılıb.
Milli Qvardiya hərbçilərinin ABŞ ərazisində qətlə yetirilməsi nadir haldır və məsələ ölkədə siyasi gərginlik fonunda baş verib. Tramp administrasiyası paytaxtda yüksək cinayətkarlığın qarşısının alınması adı altında paytaxta əlavə federal agentlər və hərbi kontingent yerləşdirilməsi ilə bağlı hüquqi və ictimai tənqidlərə məruz qalır.
Rəsmi məlumatda bildirilib ki, Rahmanullah Lakanwal 2021-ci ildə ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra miqrantların yerləşdirilməsi üçün Bayden administrasiyasının həyata keçirdiyi “Operation Allies Welcome” proqramı ilə ölkəyə gətirilib. O, siyasi sığınacaq üçün müraciəti Bayden dövründə etsə də, hüquq müdafiə təşkilatı #AfghanEvac iddia edir ki, sənəd ona Tramp administrasiyası dövründə təsdiqlənib.
Prezident Donald Tramp hücumu “terror aktı” adlandırıb və ABŞ-yə əfqanların gətirilməsinə görə Bayden administrasiyasını ittiham edib. O, həmçinin kasıb ölkələrdən miqrasiyanın tam dayandırılması və ABŞ-da yaşayan milyonlarla qeyri-qanuni miqrantın deportasiyası çağırışını yeniləyib.