BAKI, 5 noyabr. TELEQRAF

"Çinin dövlət başçısı Çi Çinpinlə görüşdə Pekin rəsmilərinin göstərdiyi nizam-intizama heyran qaldım. Eyni şeyi öz komandamda da görmək istəyirəm".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp çərşənbə günü respublikaçı senatorlarla səhər yeməyində deyib.

"Çin məmurları diqqətəlayqdir. Birini danladım, cavab vermədi. Soruşdum ki, cavab verəcəksən? Cavab vermədi. Çi Çinpin dedi ki, o özü bütün sualları cavablandıracaq. Bildirdim ki, mən də kabinetimin belə nizam-intizamlı olmasını istəyirəm. Heç vaxt belə insanları görməmişəm. Bizim administrasiya üzvlərinin bir neçə günlük belə nizam-intizamlı olması problem yaratmaz" - deyə, Tramp zarafatla bildirib.