BAKI, 10 sentyabr. TELEQRAF

İsrail Sloveniyanın paytaxtı Lyublyanada ilk səfirliyini açıb.

Teleqraf xəbər verir ki, səfirliyin açılış mərasimində İsrailin xarici işlər naziri Gideon Saar iştirak edib.

“Bu, son il yarım ərzində açdığımız beşinci yeni səfirlikdir. Avropada və bütün dünyada dostlarımız var, onlarla münasibətləri və əməkdaşlığı gücləndirməliyik”, – Saar bildirib.

İsrail və Sloveniya arasında diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, indiyədək Lyublyanada İsrail səfirliyi fəaliyyət göstərməyib. İsrailin Sloveniyadakı maraqlarını Avstriyadakı diplomatları təmsil ediblər.

Səfirliyin açılması barədə qərar iyunda Sloveniyada hökumət dəyişikliyindən sonra qəbul edilib.

Qeyd edək ki, 2022-2026-cı illərdə Baş nazir Robert Qolobun rəhbərlik etdiyi hökumət dövründə Sloveniya-İsrail münasibətlərində gərginlik yaşanıb. Lyublyana 2024-cü ildə Fələstini dövlət kimi tanıyıb, 2025-ci ildə isə İsrailə qarşı silah embarqosu tətbiq edib.

2026-cı ilin martında keçirilən parlament seçkilərindən sonra Yanez Yanşanın yenidən baş nazir postuna qayıtması ilə Sloveniyanın İsrailə münasibətində dəyişiklik baş verib.