BAKI, 12 noyabr. TELEQRAF
ABŞ və Çin Rusiya liderinin də iştirakı ilə sülhün təmin edilməsi və nüvə silahlarının azaldılması məsələlərinin müzakirə olunacağı üçtərəfli sammitin keçirilməsini vacib hesab edirlər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti dövlət katibi Marko Rubio ilə Çinin xarici işlər naziri Van İ arasında baş tutan telefon danışığının yekunlarına dair məlumat yayıb.
Bildirilib ki, tərəflər Rusiya, ABŞ və Çin liderlərinin mümkün üçtərəfli görüşü çərçivəsində qlobal təhlükəsizlik və nüvə silahlarının azaldılması məsələlərinin müzakirəsinin əhəmiyyətini vurğulayıblar.
“Onlar sülh və nüvəsizləşmə kimi məqsədlərin irəlilədilməsi üçün liderlər səviyyəsində konstruktiv danışıqların, o cümlədən Rusiyanın iştirakı ilə mümkün üçtərəfli görüşün vacibliyi barədə razılığa gəliblər”, – Dövlət Departamentinin açıqlamasında qeyd olunub.
Rubio və Van İ noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitini, eləcə də dekabrın 14-15-də Mayami yaxınlığında baş tutacaq G20 sammitini müzakirə ediblər.
Nazirlər həmçinin qarşılıqlı hörmət, ədalət və bərabərhüquqluluq prinsipləri əsasında strateji sabitliyin qorunması və konstruktiv münasibətlərin davam etdirilməsi məsələlərinə toxunublar.
Telefon danışığı Çin tərəfinin təşəbbüsü ilə baş tutub.