BAKI, 12 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası nazirliklərin ictimai açıqlamalarına tətbiq edilən mərkəzləşdirilmiş nəzarəti yumşaltmağa hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə “Fox News” telekanalı Ağ Evin daxili memorandumuna və administrasiyadakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Stiven Millerin Ağ Ev aparatının rəhbəri vəzifəsinə gəlməsindən sonra federal qurumların rəhbərlərinə ictimai kommunikasiya sahəsində daha geniş müstəqillik veriləcək.
Yeni qaydalara əsasən, Ağ Evin Nazirlər Kabineti katibi vəzifəsi ləğv edilərək Nazirlər Kabineti ilə əlaqələr üzrə direktor vəzifəsi ilə əvəz olunacaq. Yeni strukturun əsas məqsədi nazirlərin fəaliyyətini dəstəkləmək və onların zəruri resurslarla təmin edilməsini asanlaşdırmaqdır.
Memorandumda bildirilir ki, hər bir nazir öz qurumunun ən yaxşı təmsilçisi və rəhbəridir. Dəyişikliklərin dövlət qurumlarının daha çevik və səmərəli fəaliyyətinə imkan yaradacağı vurğulanır.
Telekanalın mənbələrinin sözlərinə görə, Millerin sələfi Süzan Uaylsın rəhbərliyi dövründə nazirliklərin demək olar ki, bütün ictimai açıqlamaları Ağ Evin mərkəzləşdirilmiş nəzarəti altında olub.
Administrasiyanın keçmiş əməkdaşlarından biri iddia edib ki, Uayls razılaşdırılmamış açıqlamalar veriləcəyi təqdirdə respublikaçıların aralıq seçkilərdə mümkün məğlubiyyətinə görə nazirlərin məsuliyyət daşıya biləcəyi barədə xəbərdarlıq edib.
Memorandumda siyasi qərarların hazırlanması mexanizminin də dəyişdirilməsi nəzərdə tutulur. Bu proses Ağ Ev aparat rəhbərinin siyasi məsələlər üzrə müavini və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi tərəfindən səlahiyyət bölgüsü əsasında əlaqələndiriləcək.