BAKI, 12 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tbilisi arasında münasibətləri bərpa etmək və Gürcüstanla əməkdaşlıqda yeni səhifə açmaq imkanına malikdir.
Teleqraf xəbər verir ki, bunu hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze “İmedi” telekanalına müsahibəsində bildirib.
Kaladze ABŞ-nin əvvəlki administrasiyasının Gürcüstana münasibətini sərt tənqid edərək Co Baydenin prezidentliyi dövründə qəbul edilən qərarları ədalətsiz adlandırıb.
“Əvvəlki administrasiyanın bəyanatları və qəbul etdiyi qərarlar yalan, böhtan üzərində qurulmuşdu. Bu, nə tərəfdaşlıqdır, nə də dostluq. İndiki administrasiyanın və Prezident Trampın həmin ədalətsiz münasibəti dəyişmək, Gürcüstanla əlaqələrə təmiz səhifədən başlamaq üçün real imkanı var”, – deyə Kaladze vurğulayıb.
Qeyd edək ki, Gürcüstanla ABŞ arasında münasibətlər 2024-cü ildə xarici agentlər haqqında qanunun qəbulundan sonra kəskin pisləşib.
Həmin ilin noyabrında Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkənin Avropa İttifaqına üzvlük danışıqlarının başlanması prosesini dondurduğunu açıqlamasından sonra ABŞ Dövlət Departamenti Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb.
Gürcüstan hakimiyyəti Trampın prezident seçilməsindən əvvəl də ABŞ-də hakimiyyət dəyişikliyinin ikitərəfli münasibətlərin normallaşmasına şərait yaradacağına ümid etdiyini bildirib. Tbilisi Vaşinqtondan əlaqələrin bərpası istiqamətində konkret addımlar gözlədiyini dəfələrlə bəyan edib.