BAKI, 12 noyabr. TELEQRAF

ABŞ-nin texnologiya nəhəngi “Nvidia”nın səhmləri şirkətin baş direktoru Censen Huanqın mümkün istefası ilə bağlı xəbərlər fonunda 8,6 faizdən çox ucuzlaşıb.

Teleqraf xəbər verir ki, bunu “Nasdaq” birjasının əsas ticarət sessiyasından sonrakı əməliyyatlarının nəticələri göstərir.

Məlumata görə, Moskva vaxtı ilə saat 02:21-də şirkətin səhmləri 8,65 faiz ucuzlaşaraq 158,71 dollara düşüb. Halbuki əsas ticarət sessiyasının sonunda səhmlərin qiyməti 2,87 faiz artaraq 173,73 dollar təşkil etmişdi.

Ucuzlaşma “The Wall Street Journal” nəşrinin “Nvidia”nın Direktorlar Şurasının yaxın vaxtlarda Censen Huanqın istefasını təsdiqləyə biləcəyi barədə məlumat yaymasından sonra qeydə alınıb.

Nəşrin mənbələrinə görə, şirkət rəhbərliyində mümkün dəyişikliklər Huanq ətrafında yaranmış qalmaqalla əlaqədardır.

Xatırladaq ki, noyabrın 8-də “Nvidia”nın Direktorlar Şurası baş direktorla bağlı araşdırmaya başladığını açıqlayıb. Huanq elektron məktubunda Çin kəşfiyyatına işləməkdə şübhəli bilinən qadınla romantik münasibətdə olduğunu etiraf edib və hərəkətlərinə görə məsuliyyəti üzərinə götürdüyünü bildirib.

Çin Xarici İşlər Nazirliyi isə həmin qadının Çin kəşfiyyatı ilə əlaqələri barədə iddiaları böhtan və əsassız fərziyyələr adlandırıb.

“The New York Times” nəşri də Huanqın “Nvidia”nın səhiyyə texnologiyaları üzrə vitse-prezidenti Kimberli Pauell ilə romantik münasibətdə olduğu barədə məlumat yayıb.