BAKI, 12 noyabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə atəşkəs razılaşmasının əldə olunmamasının səbəblərindən danışıb.
Teleqraf xəbər verir ki, Zelenski Əbu-Dabidə keçirilən danışıqlarla bağlı açıqlamasında Rusiya nümayəndə heyətinin atəşkəsə dair bəzi məsələlər üzrə qərar qəbul etmək səlahiyyətinin olmadığını bildirdiyini deyib.
Ukrayna liderinin sözlərinə görə, noyabrın 10-11-də ABŞ-nin vasitəçiliyi ilə keçirilən üçtərəfli danışıqlarda hərbi əsirlərin genişmiqyaslı mübadiləsi, Qara dənizdə atəşkəs və enerji infrastrukturuna zərbələrin dayandırılması məsələləri müzakirə edilib.
Zelenski hərbi əsirlərin “1000-ə 1000” və daha geniş formatda dəyişdirilməsi imkanlarının nəzərdən keçirildiyini bildirib.
Onun sözlərinə görə, Qara dənizdə və enerji obyektlərinə qarşı hücumların dayandırılması ilə bağlı təkliflərə isə Rusiya tərəfi müsbət cavab verməyib.
Zelenski bildirib ki, ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı bu məsələləri müzakirə etməlidirlər.
Ukrayna lideri təhlükəsizlik zəmanətləri ilə bağlı Kremlin mövqeyinin də aydınlaşdırılmasını vacib sayıb.
O, ərazi məsələləri və digər prinsipial mövzuların yalnız dövlət başçılarının iştirakı ilə keçiriləcək üçtərəfli görüşdə müzakirə oluna biləcəyini vurğulayıb.
Qeyd edək ki, Əbu-Dabidə keçirilən iki günlük danışıqlar hərbi əsirlərin mübadiləsinə dair razılaşma ilə nəticələnsə də, atəşkəs məsələsində irəliləyiş əldə olunmayıb.