BAKI, 8 noyabr. TELEQRAF
Qarabağın azadlığı ilə bitən Vətən müharibəsinin altıncı ildönümünü yaşayırıq. Zəfərdən Böyük qayıdışa doğru irəlilədiyimiz bu günlərdə qələbəmizin mahiyyəti daha da aydınlaşır, əvvəllər anlamadığımız tərəfləri görə bilirik.
Anladıq ki, Qarabağ problemi daxili məsələ kimi görünsə də, ifadə etdiyi məna baxımından nəinki regional, hətta qlobal mahiyyəti də varmış. Münaqişənin həlli və həllindən sonrakı dövrdə İran dövlətinin sərgilədiyi politika, Zəngəzur dəhlizi konteksində Çin və ABŞ ilə olan münasibətlərimizin daha təkmil hala gəlməsi, Rusiya ilə əlaqələrə yenidən baxılması, hətta Türkiyə dövləti ilə dostluğumuzun fərqli çalarlara bürünməsi zəfərimizin müxtəlif tərəfləri olduğunu göstərməkdədir.
Əgər əvvəllər Azərbaycan bu gün İran dövlətinin tərkibində olan tarixi yurdlarımızda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsində dolayı yolla iştirak edirdisə, müharibə və qələbə illərində dövlət başçısı, nazirlik səviyyəsində ana dili məsələsi gündəmə gətirildi.
Əgər vaxtilə Azərbaycan 907-ci düzəlişə məruz qalmışdısa, qələbədən sonra bölgənin taleyi Azərbaycan Prezidentinin üstünlüyündə Vaşinqtonda masaya yatırıldı.
Əgər vaxtilə “rus qoşunu” ifadəsi “qorxu”, “işğal” anlayışları ilə qarşılıq tapırdısa, bu gün qısamüddətli “sülhməramlı” kimi təsnif edilməkdədir.
Əgər müharibədən öncə Azərbaycana kiçik qardaş kimi baxılırdısa, hazırda müzəffər dövlət, tərəfdaş, bərabərhüquqlu müttəfiq kimi nəzərdən keçirilməkdədir.
Yəni təkcə ərazimiz dəyişib əvvəlki şəklə düşmədi, dövlətimizin imici, pozisiyası, regional və qlobal nüfuzu da dəyişdi. Ərazisi işğal edilmiş dövlət imicindən, orta gücə çevrilmiş dövlət formasına çevrildi.
Şübhəsiz ki, bütün bunlar 44 günlük Zəfərin nəticəsində oldu, amma Zəfəri də qazandıran daha əvvəl aparılan diplomatik həmlələrdi. Azərbaycan Zəfərə qədər beynəlxalq əlaqələri, diplomatik addımları sayəsində mükəmməl bir siyasi ortam yaratmışdı. Müttəfiqlər, tərəfdaşlar, qarışmayanlar, izləyənlər və s. Bu təsnifata aid olan bütün ölkələrlə bu və ya digər şəkildə məsələlər həll edilmişdi.
Bütün bunlar Zəfərimizin fərqli tərəfləridir.
44 günün əsas önəmi odur ki, biz nə müharibə meydanında, nə də diplomatik masada hər hansı bir güzəştə yol vermədik. Biz ən modern silahlarla qanuni, əxlaqi-etik tərəflərə riayət edərək müharibəni apardıq. Ermənilərdən fərqli olaraq məsum insanların üzərinə raket yağdırmadıq, ermənilərdən fərqli olaraq ərazidən çıxan sivil vətəndaşlara hər hansı bir çətinlik yaratmadıq. Hətta qalmaq istəyənlərə təkliflər, şərtlər irəli sürüldü. Hər şeyə rəğmən Azərbaycan multikultural dəyərlərdən, bəşəri hüquqdan vaz keçmədi.
Zəfərimiz həm də Ermənistanın xilası oldu. Birinci Qarabağ savaşında əli qana batmış cinayətkarların bütün sosial-siyasi dayaqları məhv edildi, erməni xalqı onlardan tamamilə üz döndərdi və revanşist hərəkatlar torpağa gömüldü. Ona görə də bu gün erməni rəsmiləri Azərbaycan və Türkiyəyə olan münasibətlərində yanlışlığa yol verdiklərini ifadə edir, tez bir zamanda sərhədlərin açılacağına ümidvar olduqlarını deyirlər.
Zəfərimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, dağıdılmış yurdlar abad olundu, erməni faşizmi məhv edildi, Azərbaycana dikilən gözlər qapadıldı.
Bəlkə də, bu gün Zəfərin mahiyyətini tam anlamda dərk etmirik. Amma onun bizi hansı nöqtədən hansı nöqtəyə apardığını yeni on illikdə daha yaxşı başa düşəcəyik.
Zəfər Günümüz mübarək olsun.