BAKI, 12 noyabr. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Yelisey Sarayında keçirilən rəsmi mərasim zamanı fəxri qarovulun iki hərbçisi huşunu itirib.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” qəzeti məlumat yayıb.

Hadisə noyabrın 11-də Slovakiya Prezidenti Peter Pelleqrininin Yelisey Sarayına səfəri zamanı baş verib.

Nəşrin məlumatına görə, əvvəlcə fəxri qarovulun əsgərlərindən biri müvazinətini itirib, qılıncını aşağı salaraq huşunu itirib. Makron və ətrafındakı bir neçə nəfər dərhal ona kömək etməyə çalışıb.

Bir neçə saniyə sonra isə ikinci hərbçi də huşunu itirərək yerə yıxılıb.

Yelisey Sarayının əməkdaşları hər iki hərbçini hadisə yerindən uzaqlaşdırıblar.

Onların səhhəti barədə hələlik məlumat verilməyib.