BAKI, 12 noyabr. TELEQRAF
ABŞ-nin süni intellekt sahəsində fəaliyyət göstərən “Anthropic” şirkəti bir sıra ölkələrdə xidmətlərindən istifadəyə məhdudiyyətləri sərtləşdirib. Rusiya və Çində fiziki və hüquqi şəxslərin şirkətin məhsullarından istifadəsi qadağan edilib.
Teleqraf xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında dərc olunan məlumatda bildirilir.
Məlumata görə, məhdudiyyətlər “Claude.ai”, “Claude Code”, “Cowork” tətbiqlərini, proqramlaşdırma interfeysini (API), tərtibatçılar üçün platformanı, eləcə də bulud xidmətləri və rəsmi tərəfdaşlar vasitəsilə təqdim olunan “Claude” süni intellekt modellərini əhatə edir.
Şirkət açıqlamasında bildirib ki, məhsul və xidmətləri yalnız rəsmi siyahıda göstərilən ölkə və regionlarda əlçatandır. Siyahıya daxil edilməyən ərazilərdə xidmətlər dəstəklənmir.
Rusiya və Çinlə yanaşı, Belarus, Venesuela, İran, Şimali Koreya, Kuba və Suriya da xidmətlərin əlçatan olduğu ölkələr siyahısına daxil edilməyib.
Məhdudiyyətlər Krım, Donbas, Xerson və Zaporojye vilayətlərinə də şamil olunur.
Yeni qaydalara əsasən, qadağa yalnız həmin ölkələrdə qeydiyyatdan keçmiş istifadəçilərə deyil, məhdudiyyət tətbiq olunan ərazilərdə fiziki olaraq yerləşən şəxslərə də aiddir. Bu, şirkətin digər ölkələrdə fəaliyyətinə icazə verdiyi təşkilatların əməkdaşlarını da əhatə edir.
Bundan başqa, xidmətlərin göstərilmədiyi ölkələrdə fəaliyyət göstərən şirkətlər, eləcə də nəzarət səhm paketi birbaşa və ya dolayı yolla həmin ölkələrin fiziki və hüquqi şəxslərinə məxsus olan müəssisələr də “Anthropic” texnologiyalarından istifadə edə bilməyəcəklər.