BAKI, 12 noyabr. TELEQRAF

ABŞ-nin müdafiə naziri Pit Hegsetə qarşı impiçment təşəbbüsünün uğursuzluqla nəticələnməsi Demokratlar Partiyası daxilində ciddi fikir ayrılıqlarına səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşrin yazdığına görə, demokratlar təşəbbüsün uğursuzluğuna görə bir-birini günahlandırır və partiya daxilində kifayət qədər həmrəyliyin olmamasından narazılıqlarını bildirirlər.

Bildirilir ki, səsvermədə 11 demokrat konqresmen iştirak etməyib. Onların səsləri nəticənin dəyişməsi üçün kifayət edə bilərdi. Səsverməyə qatılmayan qanunvericilər bunu nəqliyyat sıxlığı, səhhət və şəxsi səbəblərlə izah ediblər.

Texas ştatından demokrat konqresmen Visente Qonsales partiya daxilində ciddi narazılıq yarandığını bildirib.

“İnsanlar bizi məsuliyyətli qərarlar qəbul etmək üçün seçirlər. Bu isə ən azı belə mühüm məsələlərdə səsverməyə qatılmağı tələb edir. Bir çoxumuz bütün həmkarlarımızın iştirak etməməsindən məyusuq”, – deyə o vurğulayıb.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Hegsetə qarşı impiçment prosedurunun başlanmasını nəzərdə tutan qətnaməni respublikaçıların çoxluq təşkil etdiyi müvafiq komitəyə göndərib. Bu qərar təşəbbüsün faktiki olaraq bloklanması deməkdir.

Noyabrın 9-da konqresmen Tomas Massi Hegsetin impiçmenti ilə bağlı təşəbbüs irəli sürüb. Pentaqon rəhbəri isə ona qarşı irəli sürülən ittihamları və vəzifədən uzaqlaşdırılması cəhdlərini “fars” adlandırıb.

Hegsetin ABŞ ilə İran arasındakı münaqişə zamanı fəaliyyəti həm demokratların, həm də bəzi respublikaçıların narazılığına səbəb olub.

Qeyd edək ki, noyabrın 3-də keçirilən aralıq seçkilərdə demokratlar qalib gəliblər. Yeni, 120-ci çağırış Konqres 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq. Demokratların hər iki palatada çoxluğa sahib olacağı gözlənilir. Bu halda Hegsetə qarşı impiçment təşəbbüsünün yenidən irəli sürülməsi tələb olunacaq.