BAKI, 11 noyabr. TELEQRAF
Türkiyə Xarici İşlər Nazirliyi İsrail tərəfinin Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan açıqlamasına münasibət bildirib.
Teleqraf xəbər verir ki, Türkiyə XİN-in cavabında qeyd olunur: "İsrail Xarici İşlər Nazirliyinin Prezidentimizə qarşı çirkin və iyrənc böhtanları İsrail rəsmilərinin həqiqəti gizlətmək üçün göstərdiyi boş cəhdlərin yeni bir nümunəsidir".
Bəyanatda Prezident Ərdoğanın COP31 Liderlər Zirvəsinin açılışındakı çıxışında İsrailin siyasətini bir daha dünya gündəminə gətirdiyi və insanlığın ortaq vicdanı ilə səsləşən hiss və düşüncələrini ifadə etdiyi vurğulanıb.
"Türkiyə olaraq, İsrailin təcavüzkar siyasətinin hədəfində olan bütün məzlumların, xüsusən də fələstinlilərin yanında olmağa davam edəcəyik", - açıqlamada bildirilir.