BAKI, 12 noyabr. TELEQRAF

ABŞ-nin müdafiə naziri Pit Heqset və onun yüksəkvəzifəli müşavirləri Naməlum Əsgərin Məzarı önündə gülüb danışdıqlarına görə fəxri qarovulun iradı ilə üzləşiblər.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Hadisə Vaşinqton yaxınlığındakı Arlinqton Milli Qəbiristanlığında Veteranlar Günü münasibətilə keçirilən mərasimdən sonra baş verib.

Məlumata görə, Heqset həyat yoldaşı və yüksəkvəzifəli əməkdaşları ilə birlikdə memorialın qarşısında xatirə şəkli çəkdirib. Fotosessiyadan sonra qrupun bəzi üzvləri gülməyə və ucadan danışmağa başlayıblar.

Bu zaman fəxri qarovulun əsgəri onlara yaxınlaşaraq xəbərdarlıq edib.

“Bütün ziyarətçilər hər zaman sakitlik və ehtiram mühitini qorumalıdırlar”, – deyə hərbçi bildirib.

Qeyd edək ki, Naməlum Əsgərin Məzarı ABŞ-nin ən mühüm hərbi abidələrindən biridir. Memorial 1948-ci ildən etibarən hava şəraitindən asılı olmayaraq sutkanın 24 saatı fəxri qarovul tərəfindən mühafizə edilir.

Hadisə Heqsetə qarşı impiçment təşəbbüsünün gündəmdə olduğu dövrə təsadüf edib.

Noyabrın 9-da konqresmen Tomas Messi müdafiə nazirinə qarşı impiçment prosedurunun başlanmasını nəzərdə tutan qətnamə layihəsi təqdim edib. Təşəbbüs Heqsetin ABŞ-İran münaqişəsi ilə bağlı fəaliyyətinə yönələn narazılıqlar fonunda irəli sürülüb.

Heqset isə mətbuat konfransında onun vəzifədən uzaqlaşdırılmasına yönələn cəhdləri “fars” adlandırıb.

Noyabrın 10-da Nümayəndələr Palatası qətnamənin müvafiq komitəyə göndərilməsinə səs verib. Komitədə respublikaçıların çoxluğa malik olması təşəbbüsün irəliləməsi imkanlarını məhdudlaşdırır.