BAKI, 12 oktyabr. TELEQRAF
İkinci Dünya müharibəsi dövründə Türkiyənin seçəcəyi mövqe, mövcud gücü müharibə aparan tərəflərin diqqətində olmuşdu. Birinci Dünya müharibəsində olduğu kimi Türkiyə ictimaiyyətində, mətbuatında Almaniyaya olan meyil açıq hiss edilsə də, İsmət İnönü savaşın sonlarına qədər ölkəsinin tərəfsizliyini qoruya bilmişdi. Almaniya Türkiyə vasitəsilə SSRİ-dəki türk bölgələrinə nüfuz etməyə çalışmış, bu məqsədlə bir sıra təqaüddə olan türk generallarından istifadə etmişdi. Onlar arasında Azərbaycanda çox sevilən Nuru və Mürsəl paşalar da vardı.
Türkiyənin mövcud vəziyyəti, xüsusilə də, sərhədlərdəki durum Rusiyanın əsas maraq dairələrindən biri idi. Bu məqsədlə də, ehtimal ki, çoxsaylı casusluq fəaliyyətləri həyata keçirilmiş, qardaş ölkə haqqında bilgilər əldə edilmişdi. Nəticədə Türkiyə ilə sərhəd bölgələrdə yaşayan soydaşlarımızdan da yararlanılmışdı.
Bu yazıda Türkiyə dövlət arxivindən əldə etdiyimiz bir faktı gözdən keçirəcəyik.
Türkiyənin daxili işlər naziri Faiq Öztrakın 11 iyul 1940-cı ildə Baş vəkalətə göndərdiyi raportda yazılıb:
“İrəvanın Amasiya qəzasına bağlı Çivinli kəndindən və Sovet təbəəsindən 60 yaşlarında Namaz oğlu İbrahim adında biri 17.05.1940-da Qarsın Çıldır qəzası hüdudundan yurda girərək saxlanılmışdır. Üstündə naqan tapançası olan bu adamın İrəvan NKVD şefi Mosesyan (yəqin ki, Movsesyan – D.Ə) tərəfindən Çıldır məntəqəsindəki hərbi birliklərimizin sayını, pulemyot, təyyarə və tank miqdarını, haralara top yerləşdirildiyini, türk xalqının hərb istəyib-istəmədiyini, qida maddələrinin qiymətini, türk ordusunun baxım tərzini (yemək, geyim, təlim və tərbiyə) öyrənmək vəzifəsi ilə göndərildiyi təsbit edilmiş və 22.06.1940-da ədliyyəyə göndərilmişdir. Mühakimənin nəticəsində ayrıca bilgi veriləcəyini hörmətlə ərz edirəm”.
Göründüyü kimi NKVD rəisi erməni Movsesyan Türkiyənin sərhəddəki hərbi gücünü, əhalinin müharibə ilə bağlı hansı əhval-ruhiyyədə olduğunu öyrənmək üçün onların dilini bilən azərbaycanlı bir şəxsdən istifadə edib. Ehtimal ki, İbrahim NKVD-də çalışan aşağı dərəcəli bir şəxs və ya sadəcə casusluq işlərində istifadə edilən biri olub.
Məhkəməyə çıxarılan Namaz oğlu İbrahimlə bağlı digər bir sənəddən onun soyadının Məmmədov olduğunu öyrənirik.
Genelkurmay başqanı marşal Fevzi Çakmakın 11 fevral 1941-ci il tarixində Ankaraya göndərdiyi raportda yazılıb:
“Ruslar hesabına casusluq etməkdən məznun (təqsirləndirilən şəxs – D.Ə) Rusiyanın Gümrü vilayətinin Ağbaba qəzasının Çivinli kəndindən olan, 65 yaşlı Namaz oğlu İbrahim Məmmədov haqqında IX Kolordu komandanlığı iki nömrəli hərbi məhkəməsi tərəfindən aparılan məhkəmə iclasının sonunda təqsiri müəyyən edilərək beş il müddətinə ağır həbs cəzasına məhkum edildiyi və bu müddət ərzində Kayseridə Ümumi Təhlükəsizlik İdarəsinin nəzarəti altında saxlanılması, üzərindən çıxan naqan tapançasının müsadirə edilməsi barədə verilmiş 6/1/1941-ci il tarixli və (12/28) saylı qərarın təsdiq edildiyi, cəzanın icrası üçün məhkumun Ərzurum Cümhuriyyət Baş Prokurorluğuna təhvil verildiyi anlaşılmışdır”.
SSRİ-nin Ermənistan vasitəsilə Türkiyə sərhədində casusluq fəaliyyəti aparması tezliklə İkinci Dünya müharibəsinin iştirakçılarından birinə çevriləcəyini hesab etməsinin göstəriclərindən biridir. Ola bilsin ki, Viktor Suvorov “Buzqıran”ında haqlı idi. Stalin addım-addım müharibəyə hazırlaşırdı, amma Hitlerin hücumu onun bütün planlarını pozmuşdu...