BAKI, 16 iyun. TELEQRAF

Böyük Britaniyanın Baş naziri Keir Starmerin Londondakı mülkünə edilən yanğınlarla Rusiyanın əlaqəsinin olması barədə məlumatlar tamamilə cəfəngiyatdır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Böyük Britaniyadakı səfirliyi məlumat yayıb.

"Britaniya mediasında G7 sammiti və İngiltərənin şimalında Leyboristlər üçün taleyüklü seçkilər ərəfəsində tələsik uydurulmuş daha bir Rusiya əleyhinə kampaniya müşahidə olunur. Yerli mətbuat "hər yerdə mövcud olan" Rusiya təhlükəsi ilə bağlı ictimai qorxuları alovlandırmaq üçün açıq-aşkar absurd hekayələr yaymağa davam edir. Bu mənada Britaniya Baş nazirinin əmlakındakı yanğınlarda, anti-immiqrant əhval-ruhiyyəsinin alovlandırılmasında və digər hibrid əməliyyatlarda Rusiyanın iştirakı ilə bağlı "eksklüziv araşdırmalar" gülünc görünür. Müəlliflərin fikrincə, bütün bunlara Telegram vasitəsilə 23 yaşlı rus tələbə nəzarət edib. Bu, tamamilə cəfəngiyatdır", - deyə səfirliyin məlumatında qeyd olunur.

Səfirlik bildirib ki, britaniyalı jurnalistlər yaradıcı böhran yaşayırlar, çünki onlar peşə vəzifələrinin əksinə olaraq prokurorluğun bu işlə bağlı açıqlamasına məhəl qoymurlar.

Xatırladaq ki, 2025-ci il 8-12 may tarixləri arasında Starmerin Şimali Londonun Kentiş Toun şəhərindəki 2 milyon funt sterlinq (təxminən 2,7 milyon dollar) dəyərində şəxsi evinin qapısı, "Toyota RAV4" avtomobili yandırılıb.

İyunun 15-də Londonun Old Bailey cinayət məhkəməsində münsiflər heyəti 22 yaşlı Ukrayna vətəndaşı Roman Lavrinoviç və 27 yaşlı Ukraynada anadan olmuş Rumıniya vətəndaşı Stanislav Karpyuku hadisələrdə təqsirli bilib. Hər ikisi onlara qarşı irəli sürülən bütün ittihamları rədd edib. Lavrinoviç və Karpyukun barəsində iyunun 19-da hökm oxunacaq.