BAKI, 30 aprel. TELEQRAF

İzmirin Soyuqquyu məzarlığı. Azərbaycan və Türkiyə ordusunun sıralarında şərəflə xidmət etmiş bir zabit. Qarabağda başlayıb, İzmirdə bitən bir ömür. Adı Aslan Hacızadə. Türkiyədə Aslan Berkan.

Aprel ayının 16-da İzmir şəhərinə səfərim zamanı ziyarət etdiyim ilk yer həmin məzarlıq oldu.

Bu şəhərdə yaşayan bir qrup azərbaycanlı gənclə məzarlığa üz tutduq. Qəbiristanlıq gözətçisinə ad-soyadı dedik, lütfkarlıq göstərərək bizi məzarın önünə qədər apardı.

Azərbaycan Cümhuriyyətinin işğalından sonra ordumuzun bir qrup zabiti Kazım Qarabəkir paşanın başçılığındakı Türkiyə silahlı qüvvələrinə qoşularaq xidmətə davam etdilər.

Bolşeviklərə qarşı baş verən üsyanlarda iştirak edən bu zabitlər ardınca Türkiyənin İstiqlal Savaşında mətanətlə xidmət yolu keçdilər, ən ali medallara layiq görüldülər. Türkiyədə ingilislərin fitnəsi ilə başlayan Şərq vilayətlərindəki üsyanların yatırılmasında da fəallıq göstərdilər.

Onlar arasında Baba Behbud, Səməd Rəfibəyli, Məhəmməd Ağpolad, Firidun Daryal, Hüseyn xan Turqut, Yunis Şəkərov, Gülməmməd Gülməmmədov, Cahangir Novruzov kimi zabitlərimiz olub. Aslan bəy də onlardan biridir.

Aslan bəy haqqındakı bilgiləri onun silahdaşı Baba Behbudun yazdığı nekroloqdan öyrənirik.

Aslan bəy 1897-ci ildə Qarabağın Cavanşir qəzasının Tərtər nahiyəsində doğulub. Atası Nəsib Hacızadə tacir olub. 1917-ci ildə lisey təhsilini bitirən Aslan bəy rus inqilabından sonra Cənubi Qafqazda yaranan anarxiya dövründə ölkəmizdə qurulan könüllü orduya qatılıb, məşhur Şamxor stansiyasındakı hadisədə yer alıb. Rus ordusunun tərksilahında iştirak edən Hacızadə Osmanlı ordusunun Gəncədə açdığı zabitlər üçün təlimgahda topçu mülazimi-sani (leytenantı) rütbəsinə layiq görülüb, ardınca Azərbaycan milli ordusuna qatılıb.

Cümhuriyyətin işğalına qədər ordumuzda xidmət göstərən Aslan bəy Qarabağa soxulan bolşeviklərin hücumunu səhra topları vasitəsilə darmadağın edib, zirehli avtomobillərini sıradan çıxarıb. Nəticədə öz qüvvətlərinin itkisiz geri çəkilməsinə nail olub. Ağdamda toplaşan Birinci Azərbaycan Süvari Alayına topları ilə birlikdə qoşulan Aslan bəy bu qüvvələrlə birlikdə Cənubi Azərbaycana keçib, may ayının axırlarında Doğu Bəyazid hüdudlarında Qarabəkir paşanın ordusuna birləşib. Bununla da İstiqlal Savaşına qoşulan Aslan bəy Qars və Gümrü zəfərində iştirak edib, Ağrı və Şeyx Səid üsyanının yatırılmasında yer alıb.

Aslan bəy 1928-ci ildə İstanbul Hərbiyyə və Topçu Məktəbini bitirib, üst teymən (baş leytenant) rütbəsi ilə Sivasa təyin edilib. 1933-də yüzbaşı, 1940-da minbaşı, 1946-da yarbay, 1950-ci ildə albay (polkovnik) rütbəsini əldə edib.

Aslan bəy Sivasda xidmət edərkən yüzbaşı Tevfik bəyin bacısı Hümeyra xanımla ailə həyatı qurub. Bu evlilikdən Türkan adlı qızı, Mete adlı oğlu dünyaya gəlib. Təəssüf ki, Mete bəy 19 yaşında İzmirdə özünü dənizə ataraq intihar edib. Bu hadisə Aslan bəyə ağır təsir edib, xəstələnməsinə səbəb olub.

1955-ci ildə təqaüdə çıxan Aslan bəy İzmirdə yaşayıb, 7 may 1957-ci ildə bu şəhərdə vəfat edib.

Soyuqquyu məzarlığındakı Berkan ailə məzarlığında ailə üzvlərinin doğum və ölüm tarixləri bu şəkildədir:

Aslan Berkan (1897-1957)
Mete Berkan (04.09.1937-10.01.1956)
Hümeyra Berkan (1910-1995)
Türkan Türegün (1932-2021)

Şəxsi arxivimizdə Aslan bəyə aid bir fotoşəkil də var. Urfada çəkilən fotoşəklin arxasında digər hərbçilərin adları ilə yanaşı, bu ifadə də yer alıb: “Süvarilərin əski sporcularından, hələ də sporcu olan Rusiyadan mültəci yarbay mütəqaidi Aslan bəy”.