BAKI, 20 may. TELEQRAF
"The American Conservative" (TAC) ABŞ administrasiyasının İranla müharibə başa çatdıqdan sonra Yaxın Şərqdəki hərbi mövcudluğunu azaltmaq qərarı verməyə məcbur ola biləcəyini yazıb.
Teleqraf xəbər verir ki, məqalədə bildirilir ki, ABŞ indiyədək İranla qarşıdurma zamanı qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib. Eyni zamanda, Hörmüz boğazının bağlanması neft, digər enerji daşıyıcıları, gübrə və ərzaq məhsullarının qiymətlərinin kəskin artmasına səbəb olub.
Nəşr qeyd edir ki, Pentaqon əməliyyat xərclərini 25 milyard dollar səviyyəsində açıqlasa da, real məbləğin bundan üç dəfə çox ola biləcəyi ehtimal edilir. Məqalədə ABŞ hərbi arsenalının da ciddi şəkildə tükəndiyi vurğulanır.
“The American Conservative” yazır ki, bütün bu itkilərə baxmayaraq, Vaşinqton üçün müsbət tərəf ABŞ-nin regiondakı mövcudluğunu azaltmaq məcburiyyətində qalması ola bilər. Nəşrin fikrincə, bu qərar əslində çoxdan verilməli idi.
Məqalədə qeyd olunur ki, ABŞ-nin regiondakı bir sıra hərbi bazalarının şəxsi heyəti qarşıdurma başlamazdan əvvəl və ya ilk günlərdə qismən və ya tam şəkildə təxliyə olunub. Buna görə də həmin bazalar müharibədə ciddi rol oynamayıb.
Nəşr bildirir ki, ABŞ bazalarının yerləşdiyi Yaxın Şərq ölkələri üçün bu müharibə xəbərdarlıq siqnalına çevrilib. Məqalədə vurğulanır ki, Vaşinqton İrana zərbələr endirməzdən əvvəl ərəb müttəfiqləri ilə məsləhətləşməyib, İranın cavab hücumları zamanı isə diqqətini əsasən İsrailin müdafiəsinə yönəldib.
“The American Conservative” hesab edir ki, Yaxın Şərq ölkələri Vaşinqtonla münasibətlərinə yenidən baxmağa başlaya bilərlər və bu proses artıq başlamış ola bilər.
Jurnalın fikrincə, ABŞ-nin regiondan mümkün çıxışı mütləq alçaldıcı məğlubiyyət anlamına gəlməməlidir. Bu, təhlükəsizlik məsuliyyətinin region ölkələrinin üzərinə verilməsi məqsədilə müttəfiqlərlə koordinasiya olunmuş strateji qərar kimi həyata keçirilə bilər.