BAKI, 20 may. TELEQRAF

“Arsenal” 22 ildən sonra İngiltərə çempionluğu rəsmiləşib.

Teleqraf xəbər verir ki, Londonun Arsenal klubu 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub.

Bu, “Arsenal”ın 2003/2004 mövsümündən sonra ilk çempionluğudur. Komanda çempionluğu Premyer Liqanın 37-ci turunda "Mançester Siti" ilə "Bornmut" arasında keçirilən və 1:1 hesabı ilə başa çatan oyundan sonra rəsmiləşdirib.

Hazırda “Arsenal”ın aktivində 82 xal var və komanda turnir cədvəlində birinci yeri təmin edib. İkinci pillədə qərarlaşan “Mançester Siti”nin isə 78 xalı var. Mövsümün sonuna qədər hər iki klub bir oyun keçirəcək.

“Arsenal” sonuncu dəfə 2003/2004 mövsümündə çempion olmuşdu. Həmin mövsümdə London təmsilçisi məğlubiyyət yaşamadan Premyer Liqanı başa vurmuşdu.

Klub tarixində 14-cü dəfə İngiltərə çempionu olan “Arsenal” bu göstəricidə yalnız 20 titulu olan Mançester Yunayted və Liverpul komandalarından geri qalır.

Komandanın baş məşqçisi ispaniyalı Mikel Arteta 2019-cu ildən “Arsenal”ı çalışdırır. O, əvvəllər Xosep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti”də köməkçi məşqçi kimi fəaliyyət göstərib.

Artetanın rəhbərliyi altında “Arsenal” İngiltərə Kubokunu (2020) və iki dəfə ölkə Superkubokunu (2020, 2023) qazanıb.

Mayın 30-da “Arsenal” UEFA Çempionlar Liqasının finalında PSJ ilə üz-üzə gələcək. London klubu tarixində hələ bu turnirin qalibi olmayıb.