BAKI, 20 may. TELEQRAF
Pentaqon Avropada yerləşdirilmiş briqada döyüş qruplarının sayını dörddən üçə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsi Şon Parnell “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, qərar ABŞ qoşunlarının Avropadakı yerləşdirilməsi ilə bağlı hərtərəfli və çoxsəviyyəli qiymətləndirmə prosesinin nəticəsi olub.
Parnell bildirib ki, bu addım vəziyyəti 2021-ci ildəki səviyyəyə qaytarıb. O, həmçinin qeyd edib ki, yaranmış vəziyyət ABŞ hərbçilərinin Polşada yerləşdirilməsində müvəqqəti gecikməyə səbəb olacaq.
Bundan əvvəl CNN xəbər vermişdi ki, ABŞ müdafiə naziri Pit Heqset Avropadakı Amerika hərbi qüvvələrinin iki rotasiyasını ləğv edib və qitədəki şəxsi heyətin bir hissəsinin ixtisar olunması barədə göstəriş verib.