BAKI, 19 may. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə telefonla danışıb.

Teleqraf xəbər verir ki, danışıq zamanı Türkiyə-Aİ münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan Hörmüz boğazının tez bir zamanda açılması və İsrailə beynəlxalq təzyiqin artırılması zərurətindən danışıb.

O vurğulayıb ki, Türkiyə atəşkəsi qorumağa və bölgədəki münaqişə kontekstində sülhə nail olmağa sadiqdir: "Hörmüz boğazı mümkün qədər tez açılmalıdır".

Türkiyə lideri İsrailin bölgədəki münaqişələrin davam etməsini istədiyini, piratçılıq da daxil olmaqla beynəlxalq hüququ pozmağa davam etdiyini və İsrailə qarşı beynəlxalq təzyiqin artırılmasının zəruri olduğunu bildirib.

Ərdoğan həmçinin Aİ ilə iqtisadi inteqrasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Prezident regiondakı gərginliyin Türkiyə-Aİ münasibətlərinin strateji əhəmiyyətini bir daha vurğulayıb və Türkiyənin Avropa təhlükəsizlik təşəbbüslərində iştirakının faydalı olacağını bildirib. O, Gömrük İttifaqının yenilənməsinin vacibliyini qeyd edib.