BAKI, 20 may. TELEQRAF
İranın BMT yanında daimi nümayəndəliyi ABŞ-ı BMT Təhlükəsizlik Şurasının platformasından sui-istifadə edərək Tehran və onun dinc nüvə proqramı barədə yalan məlumatlar yaymaqda ittiham edib.
Teleqraf xəbər verir ki, İranın bəyanatında bildirilir ki, tarixdə nüvə silahından istifadə etmiş yeganə ölkə olan ABŞ MAQATE-nin təminatı altında olan dinc nüvə obyektlərinə hücumlara, mülki şəxslərin və infrastrukturun hədəfə alınmasına görə məsuliyyət daşıyır.
Sənəddə qeyd olunub ki, Vaşinqton qeyri-qanuni dəniz blokadaları və İsrailin bölgədəki fəaliyyətinə qeyd-şərtsiz dəstək verməklə beynəlxalq hüququ pozmağa davam edir.
BMT Təhlükəsizlik Şurasında ABŞ-nin yenidən İrana qarşı “yalan, əsassız ittihamlar və dezinformasiya” yaydığı vurğulanıb.
İranın daimi nümayəndəliyi bildirib ki, cinayətkar və oğru indi prokuror və hakim rolunda çıxış edərək öz cinayətlərini ört-basdır etməyə çalışır.