Zambiya hakimiyyəti Ebola epidemiyası səbəbindən Konqo Demokratik Respublikası (KDR) ilə sərhəd boyunca ciddi tibbi monitorinq tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə Zambiya milli televiziyası Milli İctimai Səhiyyə İnstitutunun direktor müavini Naim Dalala istinadən məlumat verib.

Sözügedən virus əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənir. Onun üçün heç bir peyvənd və ya müalicə yoxdur. Buna görə də, yeni ştammın yayılmasının qarşısını almaq və epidemioloji nəzarəti gücləndirmək Zambiya üçün çox vacibdir.

Konqo Demokratik Respublikası ilə həmsərhəd olan Zambiyanın Şimal, Luapula və Şimal-Qərb əyalətlərində bütün tələb olunan sərhəd sağlamlığına nəzarət tədbirləri həyata keçirilib. Bütün şübhəli halları izləmək üçün altı əyalətdə - Şimal, Luapula, Şimal-Qərb, Cənub, Lusaka və Mis kəmərində - regional epidemioloji təcili yardım mərkəzləri yaradılıb.

Konqo Demokratik Respublikasının səhiyyə orqanları ilk həyəcan siqnallarını 5 mayda hazırkı Ebola epidemiyasının episentri olan İturi əyalətindən alıblar. Lakin mütəxəssislər virusun bundan bir neçə həftə əvvəl yerli əhali arasında yayıldığına inanırlar. 17 may gecəsi Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasında və Uqandada Ebola epidemiyasını qlobal fövqəladə vəziyyət elan etdi.

Hazırda Konqo Demokratik Respublikasında 500-dən çox yoluxma şübhəsi var və Ebola virusundan azı 136 nəfər ölüb.