BAKI, 20 may. TELEQRAF

Uqanda hakimiyyəti Ebola virusunun yayılmasının qarşısını almaq məqsədilə 100-dən çox şəxsi karantinə yerləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə "Africanews" məlumat yayıb.

Məlumata görə, karantinə alınan şəxslər izolasiya şəraitində saxlanılır və tibb işçiləri onlarda infeksiya simptomlarının olub-olmamasını mütəmadi yoxlayırlar.

Uqanda rəsmiləri vəziyyətin nəzarət altında olduğunu bildirərək qeyd ediblər ki, ölkənin əvvəlki Ebola epidemiyaları ilə mübarizə təcrübəsi bu cür təhlükələrə qarşı reaksiya imkanlarını gücləndirib.

Hazırkı Ebola yayılmasının episentri Konqo Demokratik Respublikasının Uqanda ilə həmsərhəd İturi əyalətində yerləşir. Konqo səhiyyə xidməti ilk həyəcan siqnallarını mayın 5-də qeydə alıb. Bununla belə, mütəxəssislər virusun bundan əvvəl bir neçə həftə ərzində yerli əhali arasında yayıldığını istisna etmirlər.

Ümumdünya Səhiyyə Təşkilatı mayın 17-də Konqo Demokratik Respublikası və Uqandada Ebola yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə ictimai səhiyyə vəziyyəti elan edib.

Hazırda Konqo Demokratik Respublikasında 500-dən çox ehtimal olunan yoluxma halı aşkarlanıb, azı 131 nəfər ölüb. Uqandada isə bir yoluxma və bir ölüm faktı qeydə alınıb. Hər iki şəxsin yaxın zamanda Konqo Demokratik Respublikasından ölkəyə gələn vətəndaşlar olduğu bildirilir.