
BAKI, 13 mart. TELEQRAF
Ötənlərdə AMEA-da mərhum türkoloq, mifoloq, ədəbiyyatşünas alim Mirəli Seyidovun “Yaz bayramı” adlı kitabının təqdimat mərasimində iştirak etdim.
Ölkənin tanınmış alimlərinin qatıldığı bu məclisdə Mirəli müəllim haqqında maraqlı xatirələr danışıldı. Onlar arasında mənim üçün ən önəmlisi zamanında onu sevən bir tələbə ordusunun varlığını eşitməyimdi.
Sovet dönəmində Mirəli müəllim kimi şəxsiyyətlərin yetişməsi imkansızdı. Türk adının yasaqlandığı dövrdə o, faktiki türklüyə xidmət edirdi. İrəvanı itirdiyimiz bir dövrdə o, Sovet Ermənistanında Azərbaycan türklərinin soykökünü araşdırırdı. Təsadüfi deyil ki, həm yazdıqlarına, həm də xarici görünüşünə görə ona Dədə Qorqud kimi baxılırdı...
Bir qədər həyat hekayəsinə nəzər yetirək.
Mirəli Mirələkbər oğlu Seyidov 5 may 1918-ci ildə İrəvanda bəy ailəsində doğulmuşdu. İbtidai təhsilini İrəvanda almış, 1938-ci ildə Bakıda Səməd Ağamalıoğlu adına hidromeliorasiya texnikumunu bitirmişdi. 1938-1944-cü illərdə İrəvan Dövlət Pedaqoji İnstitutunun türk bölməsində təhsil almışdı. Eyni zamanda 1941-1945-ci illərdə Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində oxumuşdu. Həmin illərdə “Sovet Ermənistanı” qəzeti redaksiyasında korrektor, ədəbi işçi, gənclər şöbəsinin müdiri, məsul katibin müavini vəzifələrində işləmiş, mətbuat müvəkkili olmuşdu.
1945-1953-cü illərdə AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, 1953-1963-cü illərdə isə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda orta əsrlər şöbəsində baş elmi işçi, 1960-1967-ci illərdə ədəbi əlaqələr şöbəsində baş elmi işçi, 1967-1980-ci illərdə şöbə müdiri, 1980-1988-ci illərdə isə Azərbaycan mifologiyası və orta əsrlər folkloru şöbəsinin müdiri, 1987-ci ildən etibarən isə institutun xalq yaradıcılığı şöbəsində aparıcı elmi işçi işləmişdi.
1982-ci ildə Türkiyədə keçirilən 4-cü Türkoloji Konqresdə Sovet nümayəndə heyətinin tərkibində olmuş, “Azərbaycan mərasimlərində teatr ünsürləri (Yuğ mərasiminə əsasən)” mövzusunda məruzə etmişdi. Ədəbi fəaliyyətə 1941-ci ildə “Sovet Ermənistanı” qəzetində çap etdirdiyi rəy və oçerklərlə başlamışdı.
1968-ci ildə “Azərbaycan-erməni ədəbi əlaqələri (ən qədim dövrdən XVIII əsrin sonunadək)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdi.
1992 -ci il aprelin 26-da Bakıda vəfat etmiş, ikinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Azərbaycan Yazıçılar Birliyinin üzvü (1976), filologiya elmləri doktoru (1968), professor (1979), Azərbaycanın Əməkdar elm xadimi (1982), Azərbaycan milli yaradıcılıq akademiyasının müxbir üzvü olmuşdu. Rus, erməni, fars dillərini bilmiş, ingilis dilindən istifadəni bacarmışdı. Türk xalqlarının şivələrinə də vaqif idi...
“Qövsi Təbrizi”, “Azərbaycan mifik təfəkkürünün qaynaqları”, “Azərbaycan xalqının soykökünü düşünərkən”, “Yaz bayramı”, “Qızıl döyüşçünün taleyi”, “Qam-şaman və onun qaynaqlarına ümumi baxış”, “Böri-Qurt” kimi əsərlərin müəllifi idi.
“Kərəmin yanması qam-şaman görüşləri ilə bağlıdır”
Vəfatından 10 gün öncə Mirəli Seyidovun “Oğuz eli” qəzetində müsahibəsi dərc edilib. Jurnalist Rasim Nəsirov “Dədə Qorqudun qonağı oldum” adlı yazısında Mirəli müəllimin son günlərinə şahidlik edib. Seyidov yazmaqda olduğu kitabından bəhs edib:
“Bu gün çox ciddi şeylər üzərində işləyirəm. Yazmaqda olduğum kitab “Azərbaycan xalq yaradıcılığında arxaizmin mif və ictimai kökləri” adlanır. Zənn edirəm ki, 14-15 çap vərəqi həcmində olacaq, demək olar ki, yarısını yazmışam. Daha bir kitabımı tamamlayıb nəşriyyata vermişəm. Həmin kitab “Qam-şaman və ona qədərki inamlar” adlanır. Siz bilirsinizmi, Kərəmin yanması qam-şaman görüşləri ilə bağlıdır? Bu vaxta qədər bu gerçəkliyi heç kəs araşdırmayıb. Mən türk dünyasının, türk mənəviyyatının zənginliyini göstərmək istəyirəm. Qam dini ən mütərəqqi dindir. Bu din insanları təbiətlə yaşamağa çağırıb. Onun əsasında naturfəlsəfə durub. Bax bu, bizim qədim, güclü mədəniyyətimizdir. Təəssüflər olsun ki, biz bu mədəniyyəti gərəyincə dünyaya göstərə bilməmişik. Bax, mən bütün varlığımla buna çalışıram – dünyada ilkin yüksək mədəniyyət bizim ulu babalarımıza məxsus olub. Bu gün kökə qayıtmaqdan, özümüzü tanıtmaqdan söhbət gedir. Mən kökə qayıtmağı necə başa düşürəm? Biz öz ata- babalarımızın yaxşı keyfiyyətlərini, unutduqlarımızı geri qaytarmalıyıq. İndi bizim qanımız öz əvvəlki tərkibini itirib, bizi çox cılızlaşdırıblar. Buna görə də biz qanımıza Qorqud qanı, Maday Qara qanı qatmalıyıq”.
Mirəli müəllim XXI əsrin türk əsri olacağı fikrinə belə münasibət bildirib:
“Mən buna hər zaman inanmışam. Hələ ki, türk mədəniyyəti dünyada öz layiqli yerini almayıb. Türk mənəviyyatı dünya üçün bağlı bir sandıqçadır. Dünya türkü birdən tanıyacaq və türkə böyük dönüş olacaq”.
Mirəli müəllim yazı masası haqqında maraqlı ifadə işlədib: “Elə ki yazı masasının arxasında əyləşirəm, onda bütün dərdlərim yadımdan çıxır, quş kimi oluram”.
Bu gün Mirəli Seyidov şəxsiyyəti bizim üçün yenidən mərkəzi bir hala çevrilir.
Onun əsərləri həm Türk Dövlətləri Təşkilatının, həm də Qərbi Azərbaycana qayıdış konsepsiyasının elmi qanadının önəmli təmsilçisidir...