İnsan ana bətninə düşəndən öz həyatını yaşayır - deyirlər. Amma qarşısında durduğum qəbir daşı bu fikrimə xal salır, tərəddüd keçirirəm. Bəlkə insan torpağın bətninə düşəndən sonra yaşamağa başlayır?

Şərəflə yaşanmış həyatın son ünvanı olan Şəhidlər Xiyabanındayam. Qəhər məni boğur, özümü 3-4 yaşıma, heç nəyi dərk etmədiyim bir zamana, lakin üzərindən 27 il ötəndən sonra yetkin halda həmin günə, 1990-cu ilin 20 yanvarına, şərəfli keçmişə xəyali səyahətə məcbur edirəm. Bir qəbir daşı və onun üzərindəki yazı məni vadar edir.

Sakit Bakı gecələri şütüyən tank uğultuları ilə oyanır, yatmağa hazırlaşan, hələ gecəni tam əyninə geyməyən şəhəri günəş əvəzinə atəş işıqları ilə aldadırlar. Hər addımı ölüm olan küçələrdə insan nələr yaşaya bilər? Düşünmək qorxuncdur.

Gah başımdan vuruluram, gah da ayağımda, qolumda, bədənimin müxtəlif nöqtələrində ölüm istisi hiss edirəm. Məni vururlar, qan, qıp-qırmızı qan, daha sonra ağrı, bir az sonra daha şiddətli ağrı, daha sonra keyişmə duyuram. Bir baxıram huşum gedib. Özümə gəlməyə çalışıram, gözümə dəyənlərə nəsə deməyə cəhd edirəm. Amma bacarmıram. Qumbara partlayışı qulaqlarımı batırır, gözlərimi kor edir, beynimi dondurur.

Gah tankdan açılan atəşə hədəf olan maşında ölürəm, gah evində pəncərəyə, eyvana təlaşla qaçan biri kimi güllələnirəm. Gah balaca uşaq olaraq, gah evinə çörək alıb aparan ata olaraq, gah da balasının həyəcanından küçəyə qaçan ana olaraq öldürülürəm.

Gah həkim, gah üsyançı kimi zərbə alıram. Hər dəfə ölümü hiss edirəm. Bu gecə ölümdın qaçmaq qeyri-mümkündür. Ən dəhşətlisi isə üzərimdən keçən tankın ağırlığıdır. Başım bir tərəfə, bədənim o biri tərəfə uçur. Elə tanınmaz hala düşürəm, özümü özümə göstərsələr mən olduğumu ağlımdan belə keçirmərəm. Cəsədimlə, tanınmaz cəsədimlə düşünürəm: Kimdir bizi bu hala salan?

70 illik əsarətdə saxlayıb, sərvətlərimizi istismar edib, özümüzə kölə payı verən, amma illərlə bizə böyük qardaş, hətta bəzən ata olduğunu inandırmağa çalışan imperiya. Biz onları dost bilmişdik, biz onlara inanmışdıq.

Elə bir dost ki, fürsət düşən kimi əliyalın xalqın üstünə ordusunu göndərmiş və ölüm hökmü vermişdi. Qocaya, uşağa, böyüyə-kiçiyə, kişiyə-qadına baxmamışdı. Öldüyümü bildiyim halda belə “dost”a qarşı çıxdığım üçün sevinirdim. Sonda bütün maskalar yerə düşdü! Bütün dünya şahid oldu bu qəddarlığa. Tarix səhifəsinə daha bir qanlı yazı düşdü. Bu tarixdə NAMƏLUM olaraq tanınmaq belə şərəfli ölümdür.

Ölümümün səbəbini düşünürəm... Səbəb Azadlıq idi. Haqqımızı istədik, qursun yedik. Axı, mən azadlığı, müstəqilliyi sağlığımda arzulamışdım. Vətənimi elə məhəbbətlə sevmişdim ki, bu sevgiylə min canım olsa, yenə fəda edərəm onunçün.

Ölü halımda, hələ sönməmiş düşüncəmlə ailəmi, yaxınlarımı xatırlayırdım: mən onları görsəm tanıyacam, onlarınsa məni tanıya biləcəklərinə heç inamım yoxdur. Önəmli deyil. Bir tək onu düşünürəm. Azadlıq!!! Məni kimsə tanımasın. Heç məyus deyiləm, necə həyat yaşadığımı kimsə bilməsin, mənim nələr hiss etdiyimi kimsə düşünməsin. Bir tək azadlığımızı qorusunlar.

Yüz illər keçsə belə, bu qəbir NAMƏLUM qalsın. Bir qəbirdə neçə cəsəd oluruq-olaq, yetər ki, azad torpağın istisinə uyuyaq.

Hər dəfə həyatları bahasına şərəfli tarix yazmış insanların uyuduğu Şəhidlər Xiyabanına ziyarətə gələndə məni ən çox NAMƏLUM qəbirlər riqqətə gətirir.

Sanki o naməlumlardan biri də mənəm...