BAKI, 20 may. TELEQRAF
“Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ölkəmizdə keçirilməsi əhəmiyyətli hadisədir. Bu, Azərbaycanın şəhərsalma ilə bağlı qlobal məsələlərə verdiyi önəmi göstərir. Forumda müxtəlif təşkilatların, xüsusilə ali təhsil müəssisələrinin iştirakı çox vacibdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) burada təhsil proqramlarını, dayanıqlı inkişaf, su resurslarının və alternativ enerji mənbələrinin idarə olunması ilə bağlı layihələrini təqdim etməsi xüsusi əhəmiyyət daşıyır”.
Bu fikirləri Teleqraf-a açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor Rüfət Əzizov deyib.
Rektor bildirib ki, universitet forumun məqsədlərinə uyğun olaraq tədris, tədqiqat və beynəlxalq əməkdaşlıq istiqamətlərində fəaliyyətini davam etdirir:
“ADNSU ilə Böyük Britaniyanın Warwick Universiteti arasında alternativ və bərpa olunan enerji sahəsində magistratura üzrə ikili diplom proqramı fəaliyyət göstərir. Bu il proqramın ilk məzunları olub və onlar artıq aidiyyəti qurumlarda çalışırlar. Proqramın əsas fərqi ondadır ki, tələbələr yalnız texniki biliklər deyil, data əsaslı qərarvermə, iqtisadiyyat və şəhərsalma siyasəti sahələrində də bilik əldə edirlər. Universitetin Fransanın Strasburq Universiteti ilə də ikili diplom proqramı var. Burada tələbələr mühəndisliklə yanaşı, sosial, iqtisadi və data əsaslı qərarvermə modellərini öyrənirlər. Proqram Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Warwick Universiteti ilə layihədə isə əsas tərəfdaş BP şirkətidir və laboratoriya infrastrukturu BP-nin dəstəyi ilə qurulub”.
Rüfət Əzizov qeyd edib ki, ADNSU ölkənin ən fəal tədqiqat universitetlərindən biridir:
“Universitet alimlərinin beynəlxalq elmi bazalarda 800-dən çox məqaləsi dərc olunub. Tədqiqatların 42 faizi dayanıqlı inkişaf hədəfləri ilə bağlıdır. Universitetdə alimlər üçün ildə iki dəfə daxili qrant müsabiqələri elan edilir. Bu layihələr əsasən su resurslarının idarə olunması, tullantılar və iqlim dəyişiklikləri ilə bağlı mövzuları əhatə edir. Universitetin innovasiya mərkəzində tələbələr müxtəlif prototiplər hazırlayır, startap və hakatonlarda iştirak edirlər. Təkcə ilin ilk üç ayında tələbələr üçün 30-a yaxın startap müsabiqəsi, akselerasiya və mentorluq proqramı təşkil olunub. Layihələrin böyük hissəsi iqlim dəyişiklikləri və dayanıqlı inkişaf mövzularına həsr edilib”.
Onun sözlərinə görə, ADNSU hazırda Oxford Universiteti ilə “Global Climate Challenge” layihəsini də həyata keçirir:
“Layihəyə dünyanın 70-dən çox ölkəsindən 2000-ə yaxın müraciət daxil olub. Qaliblər Oxford Universitetində yay məktəbində iştirak imkanı qazanacaqlar. Universitetin Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə də dayanıqlı şəhərlər və infrastruktur sahəsində 5 birgə tədqiqat layihəsi həyata keçirilir”.