BAKI, 20 may. TELEQRAF

Ötən ay Qara dəniz üzərində Rusiya qırıcıları Kral Hərbi Hava Qüvvələrinə məxsus RC-135 Rivet Joint kəşfiyyat təyyarəsinə hədsiz yaxınlaşaraq təhlükəli vəziyyət yaradıb.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

"Ötən ay iki Rusiya qırıcı təyyarəsi Qara dəniz üzərində Kral Hərbi Hava Qüvvələrinə məxsus Rivet Joint təyyarəsinə bir neçə dəfə yaxınlaşıb. Rivet Joint təyyarəsi Qara dəniz üzərində beynəlxalq hava məkanında müntəzəm uçuş həyata keçirirdi və silahsız idi" - məlumatda qeyd olunur.

Bəyanatda bildirilir ki, bu həftə Böyük Britaniya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi "pilotların təhlükəli və qəbuledilməz davranışını qınamaq" üçün Londondakı Rusiya səfirliyinə nota göndəriblər.