“Aston Villa”nın baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasında növbəti tarixi uğuruna imza atıb.
Teleqraf xəbər verir ki, ispaniyalı mütəxəssisin rəhbərlik etdiyi Birminhem təmsilçisi finalda “Frayburq”u 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Bu qələbə Unay Emeri üçün xüsusi əhəmiyyət daşıyıb. 54 yaşlı baş məşqçi karyerasında 5-ci dəfə Avropa Liqasının qalibi olub. Bununla da o, turnir tarixində mütləq rekorda imza atıb.
Emeri daha əvvəl “Sevilya” ilə 2014, 2015 və 2016-cı illərdə, “Vilyarreal”la isə 2021-ci ildə bu kuboku qazanmışdı. İspaniyalı mütəxəssis bu göstəricidə 3 dəfə qalib olan Covanni Trapattonini geridə qoyur.
Qeyd edək ki, Unay Emeri 2022-ci ilin noyabrından “Aston Villa”nı çalışdırır. Premyer Liqa təmsilçisi növbəti mövsüm UEFA Çempionlar Liqasında çıxış edəcəklər.