BAKI, 20 may. TELEQRAF
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran İsrailin milli təhlükəsizlik naziri Ben-Qviri sərt tənqid edib.
Teleqraf xəbər verir ki, o, Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan Qlobal Sumud Donanmasına qarşı beynəlxalq sularda edilən müdaxiləni və donanma üzvlərinə qarşı göstərilən aqressiv münasibəti qətiyyətlə pislədiyini bildirib.
"İsrail nazirinin Fələstini dəstəkləyən qlobal donanmanın saxlanılan fəallarına qarşı hərəkətləri tarixin qaranlıq səhifələrində öz yerini alacaq. Bu, bir daha insan dəyərlərinə qarşı qəbuledilməz və saymazlıqla yanaşmanı açıq şəkildə nümayiş etdirir.
Saxlanılan könüllülər təhlükəsiz şəkildə ölkələrinə qaytarılmalıdır. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında indiyə qədər etdiyimiz kimi, məzlumların yanında olmağa davam edəcəyik. Qəzza xalqının ədalətli mübarizəsini hər platformada müdafiə edəcəyik", - qeyd edib.
Xatırladaq ki, daha əvvəl İsrail milli təhlükəsizlik naziri Ben-Qvir Fələstin tərəfdarı olan fəalların saxlanılmasının videosunu yayımlamışdı. Videoda saxlanılan şəxslərin diz çökdürüldüyü, əlləri bağlı, başları yerə dəydiyi və silahlı sərhədçilərin nəzarəti altında İsrail himnini dinləməyə məcbur edildiyi göstərilir. İsrailin Baş naziri Benyamin Netanyahu naziri yayımladığı videoya görə tənqid etmişdi.