BAKI, 26 aprel. TELEQRAF
İsrail İranla müharibənin başlanğıcında Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) "Dəmir Qübbə" (Iron Dome) batareyası və onu idarə edəcək hərbi heyət göndərib.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı İsrail və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu, sözügedən hava hücumundan müdafiə sisteminin İsrail və ABŞ-dən kənarda başqa bir ölkəyə yerləşdirildiyi ilk haldır.
BƏƏ Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ-İsrailin İrana qarşı müharibəsi zamanı Tehran BƏƏ-yə qarşı davamlı hücumlar həyata keçirib. Ölkə ərazisinə ümumilikdə 550 ballistik və qanadlı raket, həmçinin 2 200-dən çox dron atılıb ki, bu da BƏƏ-ni regionda ən çox hədəf alınan ölkəyə çevirib.
Məlumata görə, əksər mərmilər havada zərərsizləşdirilsə də, bəzilərinin hərbi və mülki obyektlərə düşməsi rəsmi Əbu-Dabini müttəfiqlərdən kömək istəməyə sövq edib. İsrailin Baş naziri Benyamin Netanyahu BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığından sonra sistemin yerləşdirilməsi barədə əmr verib. Sistemin artıq onlarla İran raketini uğurla vurduğu bildirilir.
Rəsmi mənbələr təsdiqləyir ki, fevralın 28-də müharibə başlayandan bəri hər iki ölkə yaxın hərbi və siyasi koordinasiya şəraitində fəaliyyət göstərir. Hətta İsrail Hərbi Hava Qüvvələrinin körfəz ölkələrinə yönəlmiş təhdidləri zərərsizləşdirmək üçün İranın cənubuna hava zərbələri endirdiyi qeyd olunur.
BƏƏ-nin yüksək rütbəli rəsmisi məsələ ilə bağlı bildirib ki, Əmirliklər böhran anında İsrailin göstərdiyi bu tarixi yardımı heç vaxt unutmayacaq.