BAKI, 6 sentyabr. TELEQRAF

Kabo-Verdedə şagirdləri və tələbələri daşıyan avtobusun dərəyə aşması nəticəsində azı 22 nəfər həlak olub, 18 nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə "Lusa" agentliyi məlumat yayıb.

Xəstəxanaya yerləşdirilən yaralı şagirdlərin yaşının 6-11 arasında olduğu, onlardan dördünün vəziyyətinin ağır qiymətləndirildiyi bildirilir.

Hadisə Fogu adasında, Kampanas-de-Sima şəhəri yaxınlığında baş verib. Ekskursiyadan qayıdan avtobus yoldan çıxaraq təxminən 30 metr hündürlükdən dərəyə aşıb. Hazırda mütəxəssislərdən ibarət qrup qəzanın səbəblərini araşdırır.

Kabo-Verdenin Baş naziri Fransışku Karvalyu həlak olanların ailələrinə başsağlığı verib. Fogu adasının yerli hakimiyyət orqanları baş vermiş faciə ilə əlaqədar iki günlük matəm elan edib.