BAKI, 6 sentyabr. TELEQRAF

İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı püskürüb.

Teleqraf xəbər verir ki, bu barədə "Antara" agentliyi məlumat yayıb.

Püskürmə zamanı vulkan külü dəniz səviyyəsindən 4 676 metr, zirvədən isə 1 000 metr hündürlüyə qalxıb. Şərq istiqamətində yayılan tünd-boz kül buludları ilə müşayiət olunan təbii hadisə səbəbindən qızmar daşların atılması riski nəzərə alınaraq kraterdən 5 kilometr radiusda turistlərin və yerli sakinlərin olması qadağan edilib.

Qeyd edək ki, 3 676 metr hündürlüyə malik Semeru Yava adasının ən yüksək nöqtəsi və ölkənin dördüncü ən böyük vulkanıdır. Sakit okeanın "Alov halqası"nda yerləşən İndoneziyada 130-a yaxını fəal olmaqla 500-dən çox vulkan var.