BAKI, 26 aprel. TELEQRAF

Oman Sultanı Heytəm bin Tariq Əl Səid paytaxt Məsqətdə İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Omanın dövlət xəbər agentliyi məlumat yayıb.

Görüş zamanı tərəflər regional vəziyyəti və ABŞ və İsrailin İrana qarşı hərbi eskalasiyasının qarşısının alınmasına yönəlmiş vasitəçilik səylərini müzakirə ediblər.

Bildirilib ki, Oman bu münaqişədə vasitəçi rolunu icra edərək gərginliyin azaldılması üçün danışıqlara ev sahibliyi edir. Eyni zamanda rəsmi Məsqət ABŞ və İsrailin İrana birgə zərbələrini qanunsuz və bölgədəki sabitliyi pozan hərəkətlər kimi pisləyib.

Müzakirələr çərçivəsində regional proseslərin inkişafı və mövcud böhranların aradan qaldırılması istiqamətində təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Abbas Əraqçi davamlı siyasi həll yollarının tapılması və münaqişələrin region xalqlarına təsirinin minimuma endirilməsi ilə bağlı Sultanın yanaşmalarını dinləyib.

Sultan Heytəm isə çıxışında problemlərin həllində dialoq və diplomatiyanın əsas vasitə kimi qalmasının vacibliyini vurğulayıb.

Görüşün sonunda İranın xarici işlər naziri regional təhlükəsizliyin və sabitliyin təmin olunması, eləcə də dialoq mühitinin gücləndirilməsi istiqamətində göstərdiyi səylərə görə Oman tərəfinə təşəkkürünü bildirib.