BAKI, 28 fevral. TELEQRAF
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi regionda baş verən hadisələr fonunda İran vətəndaşlarının Türkiyə sərhədini qanunsuz keçməsi ilə bağlı iddiaları təkzib edib.
Teleqraf xəbər verir ki, açıqlamada belə məlumatların həqiqəti əks etdirmədiyi deyilib.
“Bəzi sosial şəbəkələrdə insanların İran sərhədi vasitəsilə Türkiyəyə qanunsuz daxil olduqları iddiası ilə yayılan görüntülər dezinformasiyadır. Müəyyən edilib ki, bunlar nə vaxt və harada çəkildiyi məlum olmayan köhnə fotolardır. Bölgədə baş verən son hadisələrdən sonra qəsdən yayılıb. Bu görüntülərin Türkiyə sərhədi ilə əlaqəsinə dair konkret sübut yoxdur”, - açıqlamada bildirilib.
Həmçinin vurğulanıb ki, Türkiyənin sərhəd təhlükəsizliyi çoxşaxəli nəzarət və müşahidə sistemi vasitəsilə gecə-gündüz təmin olunur.
Qeyd edək ki, bundan əvvəl bəzi sosial şəbəkə istifadəçiləri ağ geyimli şəxslərin sərhəd divarına bənzər beton hasardan aşdıqlarını əks etdirən fotolar yaymışdılar. İddia olunmuşdu ki, hadisə Türkiyə-İran sərhədində baş verib.