BAKI, 7 sentyabr. TELEQRAF

Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunları sentyabrın 7-də minatəmizləmə üzrə təlimlərdə iştirak etmək üçün Rusiyaya hərbçilər göndərib.

Teleqraf xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Təlimlər sentyabrın 12-dək davam edəcək. Bildirilib ki, tədbir Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv dövlətlərin müdafiə nazirlərinin genişləndirilmiş formatda keçirilən görüşünün ekspert işçi qrupunun fəaliyyəti çərçivəsində təşkil olunur.

Təlimlər bir neçə ölkənin silahlı qüvvələrinin iştirakı ilə keçirilir, məqsəd partlayıcı maddələrin mövcud olduğu ərazilərdə təhlükəsizliyin bərpası üzrə bacarıqları təkmilləşdirməkdir. Təlimlər zamanı mexaniki minatəmizləmə, istehkamçı itlərdən istifadə və kustar üsulla hazırlanmış partlayıcı qurğuların zərərsizləşdirilməsi kimi fəaliyyətlər məşq edilir.

Tədbirin məqsədi təcrübə mübadiləsini təşviq etmək, iştirakçı dövlətlərin minatəmizləmə sahəsində imkanlarını artırmaq, eləcə də regionda sülh və sabitliyi möhkəmləndirməkdir.