BAKI, 17 mart. TELEQRAF

Arxeoloqlar dünyanın ilk imperiyasının – Akkadın mövcudluğunun ən qədim maddi sübutu olan və onun təfərrüatlı və bürokratik sisteminin sirlərini açan təxminən 4000 il əvvələ aid qədim gil lövhələr tapıblar.

Teleqraf xəbər verir ki, bu barədə “Interesting Engineering” məlumat yayıb.

Gil lövhələr hazırda İraqda Tello kimi tanınan qədim Şumer şəhəri Girsunun arxivində saxlanılır. Lövhələr dövlət arxivi binasının xarabalıqlarından tapılıb.

Arxiv e.ə. əvvəl 2300-2150-ci illər arasında Girsunun Akkad sülaləsinin hakimiyyəti altında olduğu dövrü sənədləşdirir və Akkad İmperiyasının idarəçiliyinə dair ilk konkret sübutları verir.

Rəsmi lövhələr mixi yazı ilə yazılıb, bunlar balıq və mal-qaradan tutmuş taxıla, parçalara və qiymətli daşlara qədər hər şeyi əhatə edən müxtəlif dövlət tədbirlərini, o cümlədən tədarük və xərcləri sənədləşdirir.

Britaniya Muzeyinin kuratoru Sebastyan Rey deyir: “Lövhələrdə hər şey qeyd olunub. İmperiyanın ən ucqarında bir qoyun ölübsə, onu burada yazıblar. Şumerlər bürokratiyaya həddindən çox aludə olublar”.

Lövhələrdə heyvanlarla yanaşı, əhalinin, kişilərin, qadınların və uşaqların adları və peşələri də daxil olmaqla, siyahıyaalmaya bənzər hərtərəfli sistem yer alır.

Lövhələr həmçinin Akkad cəmiyyətində qadınların mühüm rolunu ortaya qoyur. Alimlər iddia edirlər ki, bu cəmiyyətin əsasən patriarxal xarakter daşımasına baxmayaraq, qadınlar baş kahinlik kimi mühüm vəzifələr tutublar.

Üstəlik, lövhələr Akkad cəmiyyətində daş oymaçılar kimi sənətkarlardan tutmuş məbəd süpürgəçilərinə qədər bir çox peşələr haqqında məlumatları özündə əks etdirir.

Maraqlıdır ki, lövhələrin bəzilərində Akkad hakimiyyətində yüksək səviyyədə planlaşdırma və sənədləşməni vurğulayan memarlıq təsvirləri, sahə planları və kanal xəritələri də var.